Gürcüstanın həbsdə olan keçmiş prezidenti, oktyabrın 1-dən aclıq aksiyası keçirdiyi bildirilən Mixeil Saakaşvilinin vəziyyəti ağırlaşdığından xəstəxanada müalicə olunmalıdır. Onun həkimi oktyabrın 10-da televiziyaya müsahibəsində bu haqda danışıb.
Saakaşvili oktyabrın 1-də həbs olunaraq Rustavidə təcridxanaya yerləşdiriləndən sonra aclıq aksiyasına başladığını deyib. O, səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıtmışdı.
Son illər Ukraynada yaşayan keçmiş prezident 2018-ci ildə qiyabi məhkum edilib. O, 2 oktyabr bələdiyyə seçkiləri öncəsi “ölkəni xilas etmək üçün” Gürcüstana qayıdacağını bəyan edib.
Buna da bax: Saakaşvili özünü ‘Putinin şəxsi məhbusu’ adlandırırHəkimi Nikoloz Kipşidze deyib ki, Saakaşvilinin vəziyyətini Tbilisi yaxınlığında saxlandığı həbsxananın həkimləri ilə müzakirə edib.
“Onlarla məsələni yarım saat danışmışam. Ona sabah bir də baş çəkəcəyəm. Yəqin ki, onu xəstəxanaya köçürməli olacağıq”, – həkim deyib.
Ədliyyə Nazirliyi isə həkimin dediklərini təkzib edib, Saakaşvilinin “sağlamlığının qənaətbəxş” olduğunu bildirib.
Nazirliyin bildirdiyinə görə, Saakaşviliyə müvafiq dərmanlar verilir, “normal” həyat əlamətləri var.