Həbsdə olan sabiq icra başçısı: ‘Döyürdülər, tüpürürdülər, ən pis söyüşləri söyürdülər’

Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli

“Hər dəfə sanki düyməni basırdılar, dərhal 4-5 nəfər gəlirdi. Bəlkə də o zaman mən vahimələnirdim deyə, elə düşünürəm. Həmin 4-5 nəfər insan sifəti olmayanlar idi. Elə hərəkətlər edirdilər, deyiləsi deyil. Döyməkdən əlavə, adamın üzünə tüpürürdülər, ən pis söyüşləri söyürdülər. Deyirdim ki, nə istəyirsiz eləyim, amma bunları gətirməyin...” – bunları deyən Gədəbəyin hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmlidir. O, yanvarın 23-də məhkəmədə ifadə verib.

Saleh Rüstəmli qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Yanvarın 23-də məhkəmədə ifadə verən Saleh Rüstəmli bildirib ki, onu mayın 8-də qardaşı və onun həyat yoldaşıyla birlikdə maşınla getdikləri vaxt Şəmkir postunda tutublar: “Şəmkirlə Gəncə arasında post var, onu bağlamışdılar. Maşını saxlayan kimi 25-30 nəfər töküldü, məni sürüyüb yerə saldılar. Gözlərimi də bağlamışdılar, başıma nəsə keçirmişdilər. Məni döyə-döyə Şəmkir Rayon Polis Şöbəsinə gətirdilər. Orada mənə dedilər ki, bundan əvvəl sənə xəbərdarlıq olunub, başa düşməmisən. Dedim, mənə heç kim xəbərdarlıq eləməyib”.

“Bilmədim o həqiqətən vəkil idi, ya yox”

Saleh Rüstəmlinin ifadəsinə görə, onu həbs edən qrupa DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Kamil adlı şəxs rəhbərlik edib. Gödəkcəsinin cibinə narkotik atıb, ondan protokolu imzalamasını tələb ediblər. Özünə də deyiblər ki, 30 qram heroindir. O isə narkotikə əl vurmaqdan da, sənədi imzalamaqdan da imtina edib, vəkil istəyib:

“Həmin Kamil dedi ki, sənin əl vurub-vurmamağının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Otaqda bir nəfər oturmuşdu, başında da panama. Bakıdan gələnlərdən biri mənə dedi ki, vəkil istəyirsən, bu da vəkil. Həmin başında panama olan adamın boynunun ardından bir qapaz vurdu, panaması düşdü. Səsini də çıxarmadı. Daha bilmədim, o, həqiqətən vəkil idi, protokolda imzası olan adam idi, yoxsa yox...”

"Bu işin göstərişi yuxarıdan gəlib"

Saleh Rüstəmli danışır ki, protokolu imzalamaqdan imtina edəndə onu qardaşı və onun həyat yoldaşını, hətta lazım olsa, bütün nəslini polis şöbəsinə gətirib tutmaqla hədələyiblər. Ona deyiblər ki, bu işin göstərişi “yuxarıdan” gəlib, bu baxımdan elədiklərinə görə heç kim onlara heç nə də deməyəcək.

Başqa çıxış yolu olmadığını deyən Saleh Rüstəmli bildirir ki, bundan sonra narkotiki yerdən tapması barədə ifadəni imzalayıb. Belə rəsmiləşdirilib ki, onu Şəmkirdəki parkda saxlayıb, üzərindən heroini tapıblar. Sabiq icra başçısı isə deyir ki, ümumiyyətlə, Şəmkir parkının harada yerləşdiyini bilmir.

Elə mayın 8-də Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyini deyən Saleh Rüstəmlinin sözlərinə görə, orada 50-55 yaşlı bir nəfər gəlib ona izah edib ki, ertəsi gün həbs-qətimkan tədbiri üçün məhkəmə qarşısına çıxarılanda artıq-əskik danışmasın:

“Dedi, özünü zibilə salmısan, qohumlarını salma, heç olmasa. Bacımın şəklini göstərdilər mənə, ünvanını dedilər. Heç ünvanını o dəqiqliklə mən bilmirdim. Ona görə razılaşdım. Sanksiya üçün məhkəməyə aparıb-gətirəndən sonra dedilər ki, hə, indi başla, hər şeyi danış. Soruşdum ki, nəyi? Dedilər ki, müxalifətə pul ötürməyinizi, mitinqləri maliyyələşdirməyinizi... Dedim ki, mən ancaq siyasi məhbus ailələrinə pul göndərmişəm. Bu işi öz təşəbbüsümlə başlamışam, sonra daha bir neçə nəfər də qoşulub. Biz ancaq siyasi məhbusların ailələrinə kiçik maddi yardım göstərmişik”.

Saleh Rüstəmli Xalq Cəbhəsinin üzvü olması, vaxtilə Gədəbəyin icra başçısı işləməsi, 1998-ci ildən Rusiyada yaşaması haqda danışıb. Bildirib ki, ara-sıra Rusiyadan Bakıya gələndə partiyadakı dost-tanışla da görüşürdü:

“O dost-tanışın da sayı azalmışdı. Baxmayaraq ki, uzun illərdir Rusiyada yaşayıram, bu təşkilata qarşı bir mənsubluq hissi vardı məndə. Xalq Cəbhəsindən olan siyasi məhbusların da sayı artırdı. Mən də onlara yardım məqsədilə əvvəl bir ayda 300 dollar göndərməyə başladım. Sonra elə ay oldu, 400, elə oldu, 500 göndərdim. Bunu sanki özümə borc bilirdim deyə, hətta qazancım olmayan ayda da müəyyən məbləğ göndərirdim”.

Elə elədilər ki, dedim, nəyə istəyirsiz, qol çəkəcəm

Onun sözlərinə görə, sonradan başqa azərbaycanlılar da bu təşəbbüsə qoşulub. Bir ayda ən çox göndərdikləri məbləğ 1200 dollar olub.

Saleh Rüstəmli deyir ki, indiyədək göndərilən ümumi məbləğ isə 10-12 min dollardan çox olmaz. Amma ondan işgəncə altında ayda AXCP-yə və onun sədri Əli Kərimliyə 25-30 min dollar göndərilməsi barədə ifadəyə imza atdırıblar.

“Ayın 10-da birdən qardaşım oğlu Vidadinin səsini onun qışqırığından, ah-naləsindən tanıdım. Bildim ki, dediklərini eləyiblər, qohumlarımı gətiriblər. Məni idarənin rəisinin, generalın otağına apardılar. General dedi ki, bunu yaxşı danışdırmamısız, aparın. Ordan çıxandan sonra dəhşətli işgəncələr başladı. Elə çıxanda boynumun arxasından vurub, sürüyə-sürüyə apardılar. Bu zalda qohumlarım var, nələr elədiklərini danışıb, onların əzab çəkməsini istəmirəm. Elə elədilər ki, dedim, nəyə istəyirsiz, qol çəkəcəm. Moskvada hansı oliqarxlarla görüşdüyümü soruşurdular, elə adları çəkirdilər ki, heç onların üzünü görməmişəm. Abbas Abbasov, İsgəndər Xəlilov və başqa iki nəfər haqqında danışmağımı tələb edirdilər”, – Saleh Rüstəmli bildirib.

Moskvada ayaqqabı satışıyla məşğul olduğunu, qazancının ailəsinin dolanışığına, xəstə olan böyük oğlunun müalicəsinə ancaq çatdığını deyən Saleh Rüstəmlinin sözlərinə görə, onun həbsindən sonra istintaq qrupu Rusiyaya gedib, araşdırma aparıb. Amma onun əleyhinə heç bir fakt tapa bilməyib.

Saleh Rüstəmli deyir ki, o, həbs olunarkən üzərində olmuş 1000 manat və 7000 rubl pulu bu günə qədər özünə və yaxınlarına qaytarmayıblar.

“Mənim heç bir məqsədim, siyasi ambisiyam yoxdur. Ümumiyyətlə, nə mən, nə də övladlarım gələcəkdə də Azərbaycanda yaşamaq istəməmişik”, – sabiq icra başçısı əlavə edib.

Məqalədə haqqında söhbət gedən işgəncə iddiaları barədə hakimiyyət orqanlarından rəsmi açıqlama almaq hələki mümkün olmayıb.

Rəsmilər və hüquq-mühafizə orqanları bir qayda olaraq bu kimi iddiaları təkzib edirlər.

Məhkəmə yanvarın 25-də davam edəcək.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. Bildirib ki, Saleh Rüstəmli ilə uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.