Gədəbəy rayonunun keçmiş icra başçısı (1992-1993) Saleh Rüstəmlinin qardaşı Taleh Rüstəmlinin illər əvvəl satdığı mənzilin müsadirə edildiyi bildirilir.
T.Rüstəmli AzadlıqRadiosuna bildirib ki, Yasamal rayonunda yerləşən mənzili 2007-ci ildə satıb: "Mən vaxtı ikən ev alqı-satqısı ilə məşğul olmuşam. O vaxt "baş etibarnamə" ilə mənzil satmışam, yeni ev yiyəsi isə onu öz adına rəsmiləşdirməyib. Saleh həbs olunanda bizim də mülklərimizi müsadirə ediblər, bu, illərdir artıq mənim olmayan mənzil də o siyahıya düşüb".
"Hazırda əşyalarımızı evdən çıxarırlar"
Elçin Həsənzadə adlı şəxs də "Turan"a deyib ki, atası sözügedən mənzili 2007-ci ildə alıb: "O vaxt atam evi Taleh bəyin adına alıb. 2015-ci ildə atam rəhmətə gedib, başımız qarışdı və evi öz adımıza rəsmiləşdirmədik. Daha sonra gəlib deyiblər ki, bu ev müsadirə olunub. Bu gün, martın 18-də Yasamal rayon Məhkəməsinin icraçıları polisin iştirakı ilə gəliblər, evi açıblar. Hazırda əşyalarımızı evdən çıxarırlar".
Onun sözlərinə görə, bu qanunsuzdur və aidiyyəti orqanlara müraciət etmək niyyətindədir.
Bu deyilənlərə Ədliyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Amma 2019-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qanunsuz pul köçürməkdə günahlandırılan və 7 il 3 ay azadlıqdan məhrum edilən S.Rüstəmlinin məhkəmə qərarı ilə mülkləri müsadirə olunub. Onunla yanaşı, qohumların da bəzi mülklərinin müsadirə olunduğu bildirilir.
Xatırlatma
S.Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulmuşdu. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də AXCP-nin üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılıblar. AXCP ittihamı rədd edib.
S.Rüstəmli 2022-ci ilin mayında əfv sərəncamı ilə azadlığa buraxılıb. Hazırda Rusiyada yaşayır. Yerli hüquq-müdafiə təşkilatları həbsdə olarkən onun adını siyasi məhbuslar siyahısına daxil etmişdilər. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.