Vəkil: 'Həkimlər deyir ki, vəziyyəti ağırdır'

S.Rüstəmov

Həbsdə olan və 24 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayan Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmovun səhhətinin pisləşməyə davam etdiyi bildirilir.

Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, S.Rüstəmov artıq sümük ağrılarının şiddətləndiyini deyib: "Bu gün, noyabrın 29-da Saleh bəylə görüşdüm. Dedi ki, sümük ağrısından gecə yata bilməyib, artıq ağrıya dözə bilmir. Ancaq aclığı dayandırmaq təklifimlə razılaşmadı".

Vəkilin sözlərinə görə, həkimlər də S.Rüstəmovun vəziyyətinin ağır olduğunu deyir: "Analizlərin cavabı gəldi. Həkimlər deyir ki, vəziyyəti ağırdır".

Vəkil sonra da əlavə edib: "Çox güclə yeriyir. Dedim çəlikdən istifadə etsin. 58 yaşı var. Deməsinə görə, gecə ağrılardan yata bilməyib. Mənə söz verdi ki, sabaha qədər quru aclığa keçməyəcək. Sabah da görüşəcəyəm onunla".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən, bu qurumun tibbi müəssisəsindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

'Saleh Rüstəmov dediklərimi dərhal başa düşmürdü'

Bu gün, noyabrın 26-da vəkil Bəhruz Bayramov Gədəbəy rayonunun həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmova baş çəkib.

Vəkil AzadlıqRadiosuna bildirib ki, S.Rüstəmovun vəziyyəti həddindən artıq ağır olaraq qalmaqdadır ( O, 21 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayıb): "Saleh Rüstəmovla şüşə arxasından görüşdük. O, çox zəifdir və güclə dayanırdı, ona görə çox az danışdıq".

B.Bayramovun sözlərinə görə, S.Rüstəmovun nitqi dolaşıq olub, dediklərini dərhal başa düşməyib: "Ailə üzvlərinin israrla aclığı dayandırmağı xahiş etdiklərini ona çatdırdım. Saleh etiraz etdi. Lakin sudan imtina etməmək xahişləri ilə razılaşdı".

Vəkil qeyd edib ki, həkimlər S.Rüstəmovun vəziyyətini həddindən artıq ağır qiymətləndirirlər və məcburi qidalandırmaya başlamaq məcburiyyətində olduqlarını deyirlər.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət, onun müalicə müəssisəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

+++

Vəkil Bəhruz Bayramov bu gün, noyabrın 23-də Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovla görüşüb.

Bu barədə AzadlıqRadiosuna vəkil Bəhruz Bayramovun özü məlumat verib: "Şüşə arxasından cəmi 5-6 dəqiqə görüşdük".

Vəkil qeyd edib ki, S.Rüstəmovun vəziyyəti pisdir: "Güclə yeriyir, sözlərini unudur. Həkim vəziyyətinin pis olduğunu və müdaxilə etməyə məcbur olduqlarını dedi. Saleh Rüstəmov isə buna qəti etiraz bildirdi".

Saleh Rüstəmov 18 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayıb.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətindən, qurumun müalicə müəssisəsindən və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Vəkil Saleh Rüstəmovla danışıb

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun səhhətinin günlər keçdikcə ağırlaşdığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun ailə üzvləri məlumat verib. Onların sözlərinə görə, bu gün, noyabrın 22-də Penitensiar Xidmətinin Müalicə Müəssisəsində artıq 17-ci gündür aclıq aksiyası keçirən S.Rüstəmova vəkil Bəhruz Bayramov baş çəkib: "Onlar şüşə arxasından telefonla danışıblar. Saleh bəy son dərəcə halsız olub, qırıq-qırıq səslə, güclə danışıb. Cəmi 10 dəqiqə dayana bilib. Deyib ki, aclığı davam etdirəcək…".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Son günlər bir sıra hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri S.Rüstəmovun azadlığa buraxılması xahişi ilə Prezident İlham Əliyevə müraciət ediblər. Onlar qeyd ediblər ki, S.Rüstəmovun ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında xidmətləri olub. Hələlik, bu müraciətlərə də Prezident Administrasiyasından hər hansı münasibət bildirilməyib.

Yaxınları Saleh Rüstəmovdan narahatdır

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun keçirdiyi aclıq aksiyasının artıq onun orqanizmində fəsadları verməyə başladığı bildirilir.

Bu barədə onun ailə üzvləri məlumat yayıb.

Onların sözlərinə görə, artıq 13 gündür aclıq aksiyasını davam etdirən S.Rüstəmovun qan təzyiqi aşağı düşüb, bədənində ağrılar var: "O, artıq 15 kilo çəki itirib, nəbzi yüksək sürətlə vurur, ağzı yara içindədir. Dünən, noyabrın 17-də qardaşları ilə görüş olub, artıq yanına gəlməməyi tapşırıb".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və onun hazırda yerləşdirildiyi müalicə müəssisəsindən münasibət öyrənmək mümkün olmayıb.

+++

"Ombudsmanın tapşırığı əsasında Ombudsman Aparatının əməkdaşları Milli Preventiv Qrupunun həkim üzvlərinin iştirakı ilə noyabrın 14-də Saleh Rüstəmovla görüş keçirib".

Bunu "Turan"a Ombudsman Aparatının mətbuat xidmətindən deyiblər.

Məlumata görə, S.Rüstəmovun vəziyyəti diqqətdə saxlanılır, ailə üzvləri və vəkili ilə görüşləri təmin olunur.

Saleh Rüstəmovun yaxınları: 'Çox halsız idi, ağzı bütün yaradır…'

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun artıq 10 gündür aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Yaxınları noyabrın 14-ü və 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində onunla görüşüblər: "Dünən noyabrın 14-də vəziyyəti nisbətən stabil olsa da, bu gün çox pis idi. Çox halsız idi, çətinliklə danışırdı, ağzı bütün yaradır, bədənində şiddətli ağrılar əmələ gəlib ki, onlar da yatmağa qoymur".

Vəkil Bəhruz Bayramov isə deyib ki, S.Rüstəmov 10 kilodan artıq çəki itirib: "Dünən, noyabrın 14-də onunla görüşdüm. Hərəkət etməkdə çətinlik çəkir, nəbzi çox yüksəkdir, halsızdır".

S.Rüstəmovun yaxınları əlavə ediblər ki, görüşdə onu aclığı dayandırmağa razı sala bilməsələr də, bir xahişlərinə müsbət cavab alıblar: "Xahişlərimizi nəzərə alaraq, hələlik, quru aclığa keçmək fikrindən daşınıb".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Yaxınları bildirib ki, S.Rüstəmov aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkünün müsadirəsini qeyd edib.

Azərbaycan Milli Məclisi noyabrın 5-də Amnistiya Aktı haqqında qərar qəbul edib. Aktın bütünlükdə 16 min civarında şəxsə şamil ediləcəyi, onlardan 3 minınin sırf həbsdən azadlığa buraxılacağı açıqlanıb.

Xatırlatma

S.Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-dəAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihami yalanlamışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. B.Həsənov bu il martın 18-dəəfv sərəncamı ilə azadlığa buraxılıb.