Baş Prokurorluq və Səhiyyə Nazirliyinin mayın 1-də yayılan birgə məlumatında Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin istintaqa cəlb edildiyi bildirilir. Həmin şəxslərin nümunələr götürülmədən məhsulların gigiyenik sertifikatlaşdırılması əvəzində ayrı-ayrı vətəndaşlardan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr yarandığı iddia olunur.
Onlar Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilirlər: "Hər üç şəxsin yaşı, səhhəti nəzərə alınmaqla barələrində... məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib".
Hələlik, birgə açıqlamaya sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Həmin ittihamlar üzrə 12 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Aprelin 30-da Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib.