Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti Belarusun təşkilata üzv qəbul edilməsi ilə başlanıb.
"Belarus təşkilata tamhüquqlu üzvlük yolunda gərəkən prosedurları yerinə yetirib", - Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sammiti açarkən deyib.
Bununla da Belarus ŞƏT-in 10-cu üzvünə çevrilib. Qurumun digər üzvləri Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistandır.
Sammitdə 16 ölkənin yüksək çinli təmsilçisi, eləcə də BMT-nin baş katibi Antonio Quterriş, müxtəlif beynəlxalq təşkilatların başçıları iştirak edir.
Sammit çərçivəsində ilk dəfə olaraq "Ədalətli sülh, razılaşma və inkişaf uğrunda dünya birliyi barədə" ŞƏT+ formatında görüş olmalıdır. Azərbaycan prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün "Müstəqillik" Sarayına gəlib.
ŞƏT 2001-ci ildə üzvləri arasında iqtisadi, elmi-texniki və mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaradılıb.