ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (The Securities and Exchange Commission) bu ay Almaniyanın SAP SE (qlobal kompüter proqramları) transmilli şirkətinə qarşı ABŞ-ın Xaricdə Korrupsiya qanununu (Foreign Corrupt Practices Act - FCPA) pozduğuna görə ittihamlar irəli sürüb.
Məlumatda deyilir ki, bu pozuntular Cənubi Afrika Respublikası, Malavi, Keniya, Tanzaniya, Qana, İndoneziya və Azərbaycanda qurulmuş rüşvət sxemlərindən qaynaqlanıb.
Məlumatda qeyd olunur ki, Almaniya şirkəti bu ittihamlara xitam verilməsi üçün zərərin ödənilməsi şəklində məhkəməyə qədər 100 milyon dollaradək məbləğin ödənilməsini rica edib.
ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası müəyyən edib ki, səhmləri Nyu York Birjasında oynanan qeyri-ABŞ şirkəti 2014-cü ildən 2022-ci ilin yanvarınadək üçüncü tərəf olan vasitəçi və məsləhətçilərdən adı çəkilən 7 ölkənin hökumətlərinə rüşvət verilməsi üçün istifadə edib.
Komissiyanın qərarında deyilir ki, SAP öz maliyyə kitablarında rüşvətləri legitim biznes xərcləri kimi qeyd edib, halbuki vasitəçilərdən bəziləri şirkətə həqiqi xidmət göstərdiklərini isbat edə bilməyiblər.
ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasının sanksiya orderində qeyd olunur ki, SAP bir neçə illər ərzində 7 ölkə ərazisində törədilmiş qanun pozuntusuna görə məsuliyyət daşıyır.
Məlumatda deyilir ki, SAP bu fəaliyyətlərin dayandırılmasına, dəymiş zərərin ödənilməsi çərçivəsində 85 milyon dolları və onun 13.4 milyon dollarlıq faizini ödəməyə razılıq verib.
SAP SE şirkətinin Azərbaycanda daimi nümayəndəliyi var.
Azərbaycan hökuməti ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasının bu qərarı ilə bağlı hələ ki, heç bir şərh verməyib.