«Bir dəfə dərdimizdən yazdız, bizi qəzalı evlərdən çıxardıb, çadırlara yerləşdirdilər. Bir ilə yaxındır çadır həyatı yaşayırıq. Çadır həyatının çətinliklərindən danışmaqla bitməz. Bunu yaşayanlar bilər. Qışı nə zülmlə keçirtdik, hansı xəstəliklərə düçar olduq... Ev tikilib veriləcəyi ilə bağlı məmurların boş vədləri, yalanları hələ də davam edir. İndi, bax bu dəqiqə bizi narahat edən susuzluqdur. Susuzluq Bolludərəyə divan tutub. Mal-qaramız, bostanlarımız susuzluqdan yanır, özümüz bir içim su üçün imdad diləyirik».
Şəkinin Bolludərə kəndində məskunlaşan məcburi köçkün ailəsinin evi iki il əvvəl zəlzələdən qəzalı vəziyyətə düşüb. Ailənin uzun müddət şikayətlərindən sonra ev qəzalı evlərin siyahısına salınıb və ailə çadıra köçürülüb.
***Buna da bax-Bolludərədə kimin evi tikildi, kiminki qaldı
«AFTAFAYA TÖKMƏYƏ SU TAPMIRIQ»
Ailə başçısı Məhəmməd Həsənov deyir, bir ildən çoxdur ki, qışın şaxtasında, yayın qızmarında çadırda cəhənnəm əzabı yaşayırlar. Hazırda isə ailə susuzluqdan korluq çəkir:
«İçməli su mənbəyi 9 kilometr aralıdadır. Motorla vurulur, ətrafdakılara su çatır, bizə gəlib çatmır. Nə evimi tikdilər, nə də suyum var. Yayın cırhacırında ilanmələşən ərazidə çadırda yaşamağın nə demək olduğunu, yəqin ki, məmurlar başa düşmür. Hər gün ilan, əqrəb öldürürük».
Sizin brauzer HTML5-i dəstəkləmir
Bolludərə sakini Əsgər Süleymanov deyir, mal-qara, toyuq-cücə, əkin sahələri, bostanlar yanır. Bunlar bir tərəfə, insanlar özləri içməyə bir qurtum su tapmırlar:
«Vəziyyətimiz deyiləsi deyil. Şəkiylə aramızda elə də uzun məsafə yoxdur. Gəl ki, kənddə, ayıb da olmasın, tualetə gedəndə aftafaya tökməyə su tapmırıq. Mən ki 21-ci əsrdə aftafaya tökməyə su tapmıram, daş düşsün bu hökumətin həyata keçirdiyi su layihələrinə... Ayıbdır, göyə peyk buraxırlar, mənim 8-9 yaşlı nəvələrimsə eşşəklə başqa kənddən öz kəndimizə su daşıyır».
***Buna da bax-Bolludərənin dərəyə düşmüş bəxti
Ə.Süleymanovun sözlərinə görə, kənddə qapısında maşını, eşşəyi olmayanın suyu da yoxdur. Çünki adamlar suyu qonşu kəndlərdən bu vasitələrlə daşıyır.
«SU BUXARLANIR»
Şəkinin icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, təkcə Bolludərədə yox, bir çox kəndlərdə su böhranı mövcuddur:
«Yay fəsli gələndə su böhranı da başlayır. Səbəb də isti havalarda suyun buxarlanmasıdır. İstər içməli su, istərsə də suvarma kanallarında suyun bir hissəsi buxarlanır, bir hissəsi isə yuxarı kəndlərə gedib çatmır».
Qurumdan bildirilib ki, rayonun Su-Kanal İdarəsi susuzluğun aradan qaldırılması üçün əlindən gələni edir.
2015-ci il sentyabrın 4-də Şəkidəki zəlzələdən xeyli kənddə dağıntılar olub. Bolludərə kəndində də yaşayış evləri, uşaq bağçası və bir neçə inzibati bina qəzalı vəziyyətə düşüb. Bəzi ailələr hələ də evsiz qalıb. Üstəlik, sosial problemlər, yayda isə əsasən susuzluq bu ailələrin durumunu daha da ağırlaşdırır. Şəkinin icra hakimiyyəti isə bildirir ki, qəzalı evlərin çoxu təmir-bərpa olunub və ailələr evlərinə qayıdıblar.