ABŞ Senatı prezident Donald Trump-ın İrana qarşı hərbi əməliyyatlara başlamaq səlahiyyətini məhdudlaşdıran qətnaməni qəbul edib.
Bu qətnaməni hər iki siyasi partiyadan olan senatorlar dəstəkləyiblər.
Virciniyadan seçilmiş demokrat senator Tim Kaine tərəfindən hazırlanmış qətnamədə deyilir ki, Trump bundan sonra İrana qarşı hər hansı hərbi hərəkət üçün əvvəlcədən Konqresin razılığını almalıdır.
Bu səsvermədə 8 respublikaçı senator da demokratlara qoşulub və qətnamə Senatdan 55-45 nisbəti ilə keçib.
Kaine və qətnamənin başqa tərəfdarları bildiriblər ki, bu sənəd Trump-a qarşı yönəlməyib, lakin mühüm bir şəkildə müharibə elan edilməsində Konqresin müstəsna səlahiyyətini təsdiqləyir.
ABŞ Konstitusiyasına görə müharibəni prezident yox, Konqres elan edə bilər.
Trump və onun tərəfdarları deyirlər ki, bu qətnamə İrana və başqa potensial rəqiblərə yanlış siqnal göndərəcək.
Prezident fevralın 12-də yazmışdı:
“Ölkəmizin TƏHLÜKƏSİZLİYİ üçün çox mühümdür ki, Senat İranla Müharibə Səlahiyyəti Qətnaməsini qəbul etməsin. Biz hazırda İranla düzgün hərəkət edirik və indi zəiflik göstərməyin vaxtı deyil”.
Belə görünür ki, Trump elə bu yazdığını əsas gətirərək qətnaməyə veto qoyacaq.
O bundan əvvəl qəbul edilmiş Yəməndə Müharibə Səlahiyyəti qətnaməsinə də veto qoyub.
Demokratların səs çoxluğuna malik olduqları Nümayəndələr Palatası müharibə səlahiyyətləri ilə bağlı qeyri-icbari qətnaməni ötən ay qəbul etmişdi.
Bir çox demokrat və respublikaçı millət vəkilləri Trump-ın özünün İran strategiyası barədə Konqresi məlumatlandırmamasından narazı idilər.
Buna da bax: Trump-ın təkbaşına müharibə başlatmasını önləmək istəyirlər – Qərb mediası
Bu qətnamənin qəbulundan az əvvəl İranın elit Qüds qüvvələrinin komandanı general Qasem Soleimani Bağdadda dron zərbəsi ilə öldürülmüşdü.
Soleimaninin öldürülməsinə cavab olaraq İran İraqda ABŞ əsgərlərinin də yerləşdirildiyi iki hərbi bazaya çox sayda raket atmışdı.
Pentaqon bildirir ki, Ayn əl-Əsəd hərbi hava bazasına endirilmiş raket zərbələri nəticəsində ABŞ-ın 109 hərbçisi beyin zədələri alıb.
Nümayəndələr Palatasının Senatın qətnaməsini bu ayın axırlarında səsə qoyacağı gözlənilir.