ABŞ senatorlarından Türkiyəyə yeni sanksiyalar xəbərdarlığı

Senatın Xarici Münasibətlər Komitəsinin sədri Robert Menendez

Senatın Xarici Münasibətlər Komitəsinin sədri Robert Menendezin ofisi bilirib ki, Türkiyənin Rusiyadan yenə də silahlar alması yenə də sanskiyalar deməkdir

ABŞ senatorları NATO üzvü Türkiyəyə xəbərdarlıq ediblər ki, Ankara Moskvadan əlavə olaraq müdafiə sistemləri almaq planından geri çəkilməzsə onun üzərinə yeni sanksiyalar qoyula bilər.

The Bloomberg yazır ki, ABŞ millət vəkillərinin bu xəbərdarlığı prezident Recep Tayyip Erdoğanın rusiyalı həmkarı Vladimir Putinlə sentyabrın 29-da keçirəcəyi “kritik görüşün” ərəfəsində səslənib.

Bu da xəbər verilir ki, Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sisteminin ikinci dəstini potensial olaraq almasından əvvəl Moskva ilə Ankara arasında texnologiyaların transferi və müdafiə sisteminin yerli istehsalına dair danışıqlar gedirdi.

Rusiyanın dövlət silah ticarəti agentliyi Rosoboroneksportun başçısı Aleksandr Mixeyev avqustun axırlarında demişdi ki, Türkiyə ilə danışıqların yekun mərhələsi başlanıb.

Erdoğan ötən həftə CBS telekanalına müsahibəsində demişdi ki, Rusiyadan S-400 sisteminin ikinci dəstinin alınması planı həyata keçiriləcək.

Senatın Xarici Münasibətlər Komitəsinin sədri Robert Menendezin ofisi bilirib ki, “Rusiyanın hərbi və kəşfiyyat sektorları ilə əhəmiyyətli işbirliyinə girən vahidlərə” qarşı sanksiyalar qanunun tələbidir:

“Türkiyənin hər hansı yeni silah alması yeni sanksiyalar deməkdir”.


ABŞ Ankaranın Rusiyadan S-400 müdafiə sistemini aldığına görə Türkiyənin müdafiə sənayesi üzərinə artıq sanskiyalar elan etmişdi.

Vaşinqton bildirirdi ki, S-400 sistemindən ABŞ-ın yeni təkmil F-35 qırıcıları barədə kəşfiyyat məlumatının toplanması üçün istifadə oluna bilər.

Türkiyə Rusiyadan S-400-ün ilk dəstini aldıqdan sonra F-35-ləri istehsal edən beynəlxalq proqramdan çıxarılmışdı.

Buna baxmayaraq Ankara Rusiya ilə S-400 sövdələşməsindən geri çəkilməyəcəyini bildirmişdi.