Serbiyada parlament seçkilərinin nəticələrinə etiraz edən tələbələr və fəallar oturaq tətil elan ediblər.
Onlar dekabrın 30-na Belqradın mərkəzinə təyin olunmuş nümayişə qədər hökumət binaları və onlara yaxın küçələri bloklamaq niyyətindədirlər.
Dekabrın 24-də etiraz aksiyası zamanı etirazçılar paytaxt meriyasının binasına girməyə çalışıb, təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaranıb.
Dekabrın 28-də isə parlamentin iki deputatı həkimlərin məsləhəti ilə aclıq aksiyasını dayandırıblar. Onlar seçkilərin nəticələrinin ləğvini tələb edirdilər. Müxalifət alyansının üç başqa üzvü isə aclığı davam etdirir.
Vuçiçə ittihamlar
Müxalifət prezident Aleksandar Vuçiçi və onun Serbiya Tərəqqi Partiyasını səsvermənin nəticələrini saxtalaşdırmaqda ittiham edir. Vuçiç 17 dekabr seçkisində tərəfdarlarının böyük qələbə qazandığını elan edib. Rəsmi nəticələrə görə, hakim partiyanın başçılıq etdiyi koalisiya səslərin 47 faizini yığıb.
"Serbiya zorakılığa qarşı" müxalifət koalisiyası isə 23 faiz səslə ikinci yeri tutub.
Vuçiç və onun Tərəqqi Partiyası 2012-ci ildən ölkəni idarə edir. Azı 360 ekspertdən ibarət beynəlxalq müşahidəçilər qrupu seçkilərdə ciddi pozuntuların olduğunu bildirib. Onlar dövlət resurslarından sui-istifadəni, mediada prezident Vuçiç və onun ətrafının üstünlüyünü, qorxu kampaniyasını göstəriblər.
Serbiya hakimiyyəti seçkilərdə pozuntuların olduğunu qəbul etmir, xarici qüvvələri ölkənin daxili işlərinə müdaxilədə günahlandırır.