LiderTV-nin müxbiri Anar Həsənov işdən çxarılıb
Jurnalist işdən çıxarıldığını təsdiqləsə də, ətraflı danışmaq istəməyib
"Bəli, mən artıq “Lider” telekanalında işləmirəm". Bunu AzadlıqRadiosuna “LiderTV”nin Rusiya müxbiri Anar Həsənov deyib. Jurnalist başqa heç bir açıqlama vermək istəmədiyini bildirib.
Bir neçə gün öncə Rusiya xarici işlər nazirinin mətbuat konfransında Anar Həsənov Sergey Lavrova "Azəbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi halda Moskva necə hərəkət edəcək, buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?" sualına Lavrov "Dağlıq Qarabağda güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil" cavabını vermişdi.
Buna da bax: Bahar Muradova: 'Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir'
JURNALİSTİ SƏFİR İŞDƏN ÇIXARTDIRIB?
Yerli media yazır ki, jurnalistin bu sualı siyasi dairələrdə narahatlıq yaradıb. Hətta jurnalistin işdən çıxarılmasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da adı hallanır.
Moskvada çalışan, adlarının çəkilməsini istəməyən bir neçə azərbaycanlı jurnalist də bu sualdan sonra Anar Həsənovun Polad Bülbüloğlunun təqdimatı ilə işdən çıxarıldığını bildirib.
AzadlıqRadiosunun müxbiri “Lider” telekanalı və Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlayıb. Telekanaldan bildiriblər ki, bazar günü olduğundan hər hansı suala cavab verə bilməzlər. Azərbaycanın Rusiyadakı səfirliyindən də telefon zənglərinə cavab verilməyib.
Buna da bax: Tofiq Zülfüqarov Lavrovun ermənipərəst danışdığını deyir
"JURNALİST DƏ GƏRƏK SUSMASIN"
Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli deyir ki, işdən çıxarılan jurnalist təqib olunması, işdən çıxarılması haqda özü məlumat verməlidir:
"Jurnalistlərin çalışdıqları qurumlar konkret dövlət strukturlarına bağlı olduğundan orda işləyən jurnalistlər də daha çox dövlət məmuru kimi işləyir. Dövlət məmuru kimi işləyən jurnalist işdən çıxarılanda jurnalist kimi yox, məmur kimi susaraq kənara çəkilir. Ümumiyyətlə, dövlət qurumunun jurnalistin işdən çıxarılmasına qarışması söz azadlığına təqib hesab olunur. Kimə, hansı sualı verməyi jurnalist özü, redaktoru müəyyən etməlidir. Bunu ölkənin səfiri, siyasətçisi müəyyən edirsə, bu o deməkdir ki, həmin ölkədə media siyasətçilərdən asılıdır".
Ələsgər Məmmədli deyir ki, indiki halda Anar Həsənov işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət edə bilər.
ÖN TARİXÇƏ...
Hakimiyyət ölkədə söz və ifadə azadlığına heç bir basqı olmadığını bildirsə də, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tənqidçi mövqe tutan jurnalistlərin təzyiqlərdən sığortalanmadığını vurğulayır.
Bundan əvvəl 2014-cü ildə "Today’s Zaman" qəzetinin azərbaycanlı jurnalisti Mahir Zeynalov Türkiyədən deportasiya olunmuşdu. Türkiyə mediası onun deportasiyasına Türkiyənin dövlət rəhbərləri əleyhinə yazdığı tvitlərin səbəb olduğunu yazırdı.
Buna da bax: Baş Prokurorluq: 'ANS rəhbərliyinə cinayət işi açılmayıb, amma...'
Ötən il ANS televiziyasının yayım lisenziyasının ləğvinə isə telekanalın ABŞ-dakı müxbiri Qənirə Ataşovanın ilahiyyatçı Fethullah Gülen-dən aldığı müsahibə səbəb olmuşdu. Bakı Apelyasiya Məhkəməsinə müraciət edən Milli Televiziya və Radio Şurası bildirirdi ki, iyulda Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materiallar yayılıb. ANS rəhbərliyi ittihamları qəbul etməsə də, telekanalın baş direktoru Fethullah Gülenin mətbuat konfransında əməkdaşlarının iştirakını “səhv” adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istəmişdi.