Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməni imzalayıb.
AZƏRTAC-ın xəbərinə görə, bu barədə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının avqustun 30-da yayılan məlumatında bildirilir.
"Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar", - məlumatda qeyd edilib.
Hələlik, məsələ ilə bağlı Ermənistan tərəfdən hər hansı açıqlama yayılmayıb.
Əsasnamənin daha tez razılaşdırılması nəzərdə tutulsa da, bu proses bir neçə ay idi yubanırdı.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük əməliyyatla Qarabağ üzərində nəzarətini, ərazi bütövlüyünü bərpa etdiyini açıqlayıb. Amma tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb. Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrı-ayrı vasitəçiliyi ilə sülh danışıqları aparılsa da, hələlik, nəticə əldə edilməyib.
Amma ötən ildən başlayaraq tərəflər sərhədin delimitasiyası üzrə birbaşa danışıqlara başlayıblar. Bu danışıqlar çərçivəsində bu ilin aprelində Azərbaycana nəzarətində olmayan dörd kəndin, Ermənistana isə müəyyən ərazilərin qaytarıldığı açıqlanıb.
Bu ilin aprelinə qədər Azərbaycan səkkiz kəndinin, Ermənistan isə 30-dan çox kəndinin ərazilərinin işğalda olduğunu deyirdi.