Bugün, yanvarın 31-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, habelə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında gerçəkləşib.
Amma görüşün detalları, hələlik, açıqlanmır. Yerli mediada bu iclasın Ermənistan-Azərbaycan sərhədində - Qazaxda keçirildiyi bildirilmişdi.
Tərəflər arasında bundan əvvəl belə bir görüş (beşinci) ötən il noyabrın 30-da gerçəkləşmişdi.
Həmin görüşdən sonra açıqlanmışdı ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Habelə vurğulanmışdı ki, görüşdə komissiyalar arasında iclasların, birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətni ilkin olaraq razılaşdırılıb.
Bu iki ölkə arasında son illər həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları da aparılsa da, hələlik, nəticə əldə edilməyib.
Buna da bax: Azərbaycan NATO baş katibi nümayəndəsinin səfərini təxirə salıbXəritə məsələsimi müzakirə edilib?
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun da bildirir ki, əvvəlki görüşlərdən fərqli olaraq sözü gedən görüşdən sonra Ermənistan nümayəndə heyəti də heç bir əlavə açıqlama ilə çıxış etməyib.
Azatuyun yazır ki, hələ bu görüşdən əvvəl, yanvarın 31-də səhər Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan demişdi ki, o delimitasiya komisiyalarından məsələyə aydınlıq gətirilməsini gözləyir.
O işarə etmişdi ki, tərəflər delimitasiya üçün ortaq xəritə məsələsində hələ ki razılığa gələ bilməyiblər.
Bundan əvvəl xəbər verilmişdi ki, Yerevan sərhədin delimitasiyası üçün 1975-ci ilə aid sovet xəritələrinin əsas götürülməsini istəyir.
Azərbaycan prezidenti İlham Əliyev isə bu xəritələrin Azərbaycan üçün məqbul olmadığını demişdi. Amma o konkret olaraq hər hansı xəritə təklif etməmişdi.
Eyni zamanda Əliyev Azərbaycanın işğal altında olan 8 kəndinin qaytarılması tələbini bir daha səsləndirmiş və demişdi ki, delimitasiya komissiyalarının yanvarda keçiriləcək görüşündə bu məsələ gündəliyin əsas məsələsi olacaq.
Azatutyunun yazdığına görə görüşün gündəliyi barədə Ermənistan tərəfi fərqli bəyanat vermişdi.
Ermənistan komissiyasının sədri, baş nazirin müavini Mher Qriqoryan demişdi ki, bu görüşdə delimitasiya üçün hansı sənədlərdən və xəritələrdən istifadə olunacağı müəyyənləşməlidir:
"Biz metodologiyanı müəyyənləşdirməli və xəritə deyərkən onun daha spesifik açımını verməliyik. Bu və bizim hüquqi sənəd dedikdə nəyi nəzərdə tutduğumuz çox mühüm məsələdir”.
Buna da bax: Alen Simonyan: Ermənistanın himnini və gerbini dəyişmək lazımdır
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə qısa müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.
Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.