Anası Sevinc Vaqifqızına yaxınları ilə görüşünə icazə verilmədiyini deyir

Sevinc Vaqifqızı

“Abzas Media” nəşrinin həbsdəki baş redaktoru Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova AzadlıqRadiosuna bildirib ki, sentyabrın əvvəlindən qızı ilə görüşə bilmir.

Onun vurğulamasına görə, sentyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərindən sonra S. Vaqifqızı ictimaiyyətə açıqladığı bir məlumata görə cəzalandırılır:

"Seçkilərdən sonra bizi Sevinclə görüşdürmürlər. 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi mənə dedi ki, Sevinc təcridxanada əcnəbilərin də seçkilərdə səsverməyə cəlb edildiyini iddia etdiyinə görə cəzalandırılır".

O.Məhərrəmova deyir ki, qızı ilə görüşlərinə icazə verilməməsi qanunsuzdur.

Onun dediklərinə, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycanda sentyabrın 1-də keçirilən parlament seçkilərində 125 mandat uğrunda 990 namizəd mübarizə aparırdı.

Yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyası (YAP) qazandı. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sentyabrın 2-də açıqlanan ilkin hesabatında vurğulanırdı ki, mövcud şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib.

Mərkəzi Seçki Komissiyası isə hesab edir ki, həmin seçkilər çox yüksək səviyyədə keçirilib.

Buna da bax: Vəkilin DTX-ya qarşı şikayəti barədə yeni qərar: 'Məhkəmə baxmalıdır'

Xatırlatma

“Abzas Media” işi ilə bağlı əvvəlcə ötən il noyabrın 21-də həmin nəşrin dierktoru Ülvi Həsənli, Sevinc Vaqifqızı daha sonra isə daha bir neçə şəxs həbs ediliblər.

Onlara əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Ümumilkdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hər biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.