ABŞ bir neçə gün əvvəl Pxenyanın Rusiyanı gizli şəkildə artilleriya mərmiləri ilə təmin etdiyini bildirib. Bu məlumatın yayılmasından iki gün sonra, cümə günü şübhəli yük qatarının Şimali Koreyadan Rusiyaya keçdiyi bildirilir.
Bu barədə Şimali Koreyadakı hadisələri izləyən “38north” internet səhifəsində yer alan peyk görüntülərinə istinadən Reuters agentliyi məlumat yayıb.
Buna da bax: Rusiyalı Nyu-Yorkdan 250 min dollarlıq hərbi texnologiyanı necə alıb“38north” internet səhifəsində yer alan peyk görüntülərindən görünür ki, bir neçə vaqondan ibarət olan qatar Tümen çayı üzərindəki körpüdən keçərək Rusiya ərazisinə daxil olub.
Məlumatda bir neçə ildə sözügedən marşrutda ilk dəfədir belə bir qatar hərəkətinin müşahidə olunduğu vurğulanır.
Rusiyanın baytarlıq xidməti isə çərşənbə günü atları daşıyan bir qatarın Şimali Koreya sərhədini keçdiyini bildirib.
"38north" yazır ki görüntülərdən qatarın təyinatını müəyyən etmək mümkün olmur.
Buna da bax: Kremlin ilhaq oyunu və azalan kompromislərAmma sayt əlavə edir ki, bu hərəkətlilik Şimali Koreyadan Rusiyaya silah satışı ilə bağlı xəbərlər və iki ölkə arasında ticarətin yenilənməsi ilə bağlı ümumi gözləntilər fonunda baş verir.
Birləşmiş Ştatlar Şimali Koreyanın Rusiyaya gizli şəkildə artilleriya mərmiləri göndərməsindən şübhələnir.
Bu barədə noyabrın 2-də CNN Amerika kəşfiyyatına və ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələrinə istinadən məlumat yazıb. ABŞ kəşfiyyatının məlumatına görə, Şimali Koreya elə göstərməyə çalışır ki, sursatlar Yaxın Şərq və Şimali Afrika ölkələrinə gedir, əslində isə Rusiya üçün nəzərdə tutulub.
Sentyabrda da Amerika kəşfiyyatına istinadən Rusiyanın Şimali Koreyadan artilleriya mərmiləri və raketlər alması barədə də məlumat yayılmışdı.
Rusiya və Şimali Koreya nümayəndələri hələki bu məlumatları şərh etməyiblər.