İtaliya polisi bu gün – yanvarın 16-da ölkədə ən çox axtarılan, 30 ilədək polisdən yayınmış mafiya bossu Matteo Messina Denaronu saxlayıb.
Siciliya paytaxtı Palermoda saxlanan Messina Denaronun Siciliyadakı Kosa Nostra mafiyasının bossu olduğu iddia edilir.
O 1992-ci ildə mafiyayla mübarizə aparan prokurorlar Covanni Falkone (Giovanni Falcone) və Paolo Borsellinonun qətlindəki roluna görə qiyabi olaraq ömürlük həbsə məhkum edilib.
Denaro həmçinin bir il sonra Florensiya, Roma və Milanda 10 nəfərin ölümünə səbəb olmuş bomba hücumlarındakı roluna görə ömürlük həbs cəzası alıb.
Polis 2022-ci ilin sentyabrında bildirib ki, axtarılan şəxs uzun müddət ortalıqda olmamasına baxmayaraq, hələ də Siciliyanın qərbindəki Trapani şəhərinin ətrafında mafiyanı idarə etmək iqtidarındadır.