►Orlandoda baş vermiş qətliamdan sonra ABŞ-da dükandan asanlıqla silah almaq məsələsi yenə mübahisə mövzusuna çevrilib
Bir çox amerikalılar üçün ABŞ Konstitusiyasının ən vacib hissəsi İnsan Haqları Bəyannaməsidir.
Bu on düzəliş amerikalıları tiran hakimiyyətindən qorumaq üçün yazılıb.
Məsələn, Birinci Düzəliş nitq və ibadət azadlığına təminat verir.
İkinci Düzəliş isə silah gəzdirmək hüququnu təsbit edir. Məhz bu düzəliş son vaxtların ən çox müzakirə olunan mövzularından biridir.
Amerika Birləşmiş Ştatlarının əsasını qoyan qurucu atalar 1791-ci ildə İnsan Hüquqları Bəyannaməsini Konstitusiyaya əlavə edəndə fərdləri potensial olaraq təhlükəli olan mərkəzi və ştat hökumətlərindən qorumaq istəmişdilər.
Əksər alimlər iddia edirlər ki, əgər amerikalılar fərdi azadlıqlara təminat verən bu on xüsusi düzəlişin əlavə ediləcəyinə əmin olmasaydılar heç Konstitusiyanın özü də qəbul edilməyəcəkdi.
Yeni dövlətin ilk vətəndaşları ordunun sayəsində mümkün ola biləcək tiranlıqdan qorxurdular. Ona görə də hərbi gücü vətəndaşların nəzarətində saxlamaq istəyiblər.
Bu isə vətəndaşlara silah saxlamağa icazə verməklə mümkün ola bilərdi. Konstitusiyaya İkinci Düzəlişdə deyilir:
"Azad dövlətin təhlükəsizliyi üçün zəruri olan yaxşı nizamlanan silahlı dəstə, insanların silah saxlamaq və daşımaq hüququna toxunulmamalıdır."
Ziddiyyəti yaradan bu balaca düzəlişin təfsiridir. Amerikanın qurucu ataları öz ideyalarını ortaya qoyarkən müxtəlif mənbələrə istinad ediblər. (Ardı aşağıda)
Sizin brauzer HTML5-i dəstəkləmir
Onlar qədim yunan və Roma, İtaliya İntibahı və daha yeni dövrün ingilis filosoflarının fikirlərindən ilham alıblar. Vaşinqtondan olan vəkil və İkinci Düzəliş üzrə aparıcı alımlərdən biri Stephen Halbrook deyir:
"Sual o deyil ki, bəzi adamlar silahlanacaqmı. Söhbət ondan gedir ki, kim silahlanacaq."
Onun sözlərinə görə, hələ Platonla Aristotel bu məsələnin əsaslandığı əsas prinsiplə bağlı mübahisə ediblər. Belə ki, Platon filosof hökmdarın idarə etdiyi ideal dövlət arzusunda idi. Hökmdardan sonra onun köməkçiləri olan və onun iradəsini həyata keçirən silahlı qüvvə gəlir. Yalnız bundan sonra adi insanlar gəlir. Platonun fikrincə, adi insanlar siyasətə və idarəçiliyə müdaxilə edəcək qədər ağıllı deyillər. Ancaq Aristotelə görə vətəndaşların hamısı siyasi proseslərdə iştirak etməlidir və onlar da silahlı ola bilərlər. Halbrook deyir ki, Konstitusiyanın müəllifləri istəyirdilər ki, hələ ingilis təbəəsi olduqları vaxt malik olduqları hüquqların bir çoxunu qoruyub saxlasınlar. Amerika inqilabı ərəfəsində bir çox müstəmləkəçilər bir sıra azadlıqlardan məhrum idilər. Bura odlu silah saxlamaq da daxil idi. İngilislər bunu ondan ötrü etmişdilər ki, amerikalıların ədalətsiz saydığı qanunları rahatlıqla icra etsinlər.
____________________________________________________________
Bunlara da bax:
REAL: 'Qanun'da axtarılan 'bomba' bu imiş
Sel Tovuzda 4 kəndlə əlaqəni kəsdi
____________________________________________________________
Ancaq bir çox mütəxəssislərin fikrincə, fərdlərin silah saxlaya bilməsi Konstitusiyanın müəllifləri üçün əsas məsələ olmayıb. Ohio Dövlət Universitetindən tarixçi Saul Cornellin fikrincə, İkinci Düzəliş əslində vətəndaşların üzərinə nəhəng yük qoyur. O deyir ki, İkinci Düzəliş əslində fərdlərin silah saxlamaq hüququnu qorumaqdan daha çox milli müdafiəni vətəndaşlardan ibarət silahlı dəstələr vasitəsilə təmin etmək məqsədi güdüb:
"Mən düşünmürəm ki, biz İkinci Düzəlişin ilkin mənasına qayıtsaydıq, silahlarla bağlı bugünkü mübahisənin hər iki tərəfində olanların bir çoxu bunu bəyənərdi. Çünki silahlara nəzarət olunmasının tərəfdarı olanlar üçün cəmiyyət həddindən çox hərbiləşmiş olardı. Yəni biz İsrail, yaxud İsveçrə kimi bir ölkədə yaşayardıq," Cornell deyir.
Onun sözlərinə görə, digər tərəfdən, burada daha çox dövlət tənzimləməsi olardı, belə ki, odlu silahlar müntəzəm olaraq təftiş olunardı və insanlar müntəzəm olaraq təlimdən keçməli olardılar. Bu da silah saxlamaq hüququ tərəfdarları üçün xoş olmazdı.
İşin maraqlı cəhəti odur ki, fərdlərin silah saxlamaq hüququnun saxlanması tərəfdarları İkinci Düzəlişdəki "silah daşımaq hüququ" ifadəsini, ölkədə bu məsələni nizamlamaqla baş verən qətl hallarının azaldılması tərəfdarı olanlar isə "yaxşı nizamlanan silahlı dəstə" hissəsini vurğulayırlar.
Konstitusiya üzrə mütəxəssis olan arizonalı hüquqşünas David Hardy isə deyir ki, Konstitusiyanın müəllifləri İkinci Düzəliş üzərində işləyərkən həm fərdi hüquqlar, həm də vətəndaşlardan ibarət silahlı dəstələrin olması barədə düşünüblər.
Onun fikrincə, Birinci Konqres və James Madison Konstitusiyaya edilmiş hər bir düzəlişin içinə bir yox, bir neçə hüququ daxil ediblər:
Alimin fikrincə İkinci Düzəliş də eyni qaydada iki fərqli məqsədi bir cümlədə təsbit edir.
Amerikada silah saxlamaq məsələsinin uzun tarixi var. Odlu silah saxlamaq kovboylara və mühacirlərə Amerikanın vəhşi qərbini ram etməyə kömək edib. Ancaq zaman dəyişib, daha vəhşi qərb yoxdur, milliləşmiş müdafiə sistemi mövcuddur. Artıq vətəndaşla əsgər arasında əlaqə də yoxa çıxıb. Müasir cəmiyyətdə nə silahlı mütəşəkkil dəstələr, nə də silahlı vətəndaşlar uyğun görünmür.
Əksər təhlilçilər Amerikada silah saxlamaq ənənəsinin dərinliyini nəzərə alaraq siyasətçilərin odlu silahla bağlı qadağaları dəstəkləyəcəyinə inanmırlar.