Ermənistan Rusiya silahları və digər hərbi avadanlığından güclü asılılığını azaldır. Bunu müdafiə naziri Suren Papikyan həftəsonu Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.
Papikyanın dediyinə görə, Moskva Cənubi Qafqazdakı müttəfiqini Azərbaycanın 2022-cü ilin sentyabrındakı hərbi hücumundan qoruya bilmədiyindən Ermənistan hökuməti də silah təchizatçılarını şaxələndirmək qərarına gəlib. Azərbaycan isə hücumla bağlı deyilənləri rədd edir, yalnız mövqelərini möhkəmləndirdiyini bildirir.
"Biz bu istiqamətdə ciddi proqresə nail olmuşuq. Bu, qarşısıalınmaz prosesdir, sözün müsbət mənasında. Mövcud proseslər və kontraktlar gələcəkdə ordumuzun silahlarının keyfiyyətini əhəmiyyətli şəkildə dəyişəcək", - Papikyan vurğulayıb.
"Biz yeni tərəfdaşlar da qazanmışıq", - deyən Papikyan Hindistan və Fransanın adlarını çəkib.
Silah kontraktları
2022-ci ilin sentyabrından bəri Ermənistan Hindistanla azı 400 milyon dollarlıq müdafiə kontraktları imzalayıb. Ermənistan ordusunun Hindistandan artilleriya sistemləri, tank əleyhinə raketlər, antidron avadanlığı alacağı bildirilir.
2023-cü ilin oktyabrında isə Ermənistan Fransa ilə iki silah sazişi imzalayıb. Yerevanın Fransanın "Thales" şirkətindən üç qabaqcıl radar sistemi alacağı gözlənir. Papikyan Parisdə fransalı həmkarı Sebastyan Lekornyu (Sebastien Lecornu) ilə Fransadan yaxınmənzilli "yer-hava" raketləri alınması üzrə Niyyət Məktubu da imzalayıb.
Yerevan daha öncə Moskva ilə 400 milyon dollarlıq Rusiya silahı alınması üzrə kontraktlar bağlayıb. Yerevan ötən il gileylənirdi ki, Ermənistan hələ də həmin silahları ala bilməyib. İki aparıcı ermənistanlı deputatın yanvarda dediyinə görə, Rusiya artıq silahların ilk partiyasını yola salıb.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatlarla Qarabağ üzərində suverenliyini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.