Türkiyədə ən çox ixracat aparan 8 şirkətdən biri Azərbaycanla bağlıdır

SOCAR

Türkiyə İxracatçılar Məclisi hər il açıqladığı hesabatın ötən il üzrə nəticələrini açıqlayıb. "Türkiyənin ilk min ixracatçısı" adlanan hesabatda qeyd edilir ki, 2021-ci ildə ölkədə fəaliyyət göstərən şirkətlərin toplam ixracatı 225 milyard dollar olub. Bu göstərici 2020-ci illə müqayisədə 33 faizə yaxın artım deməkdir. Toplam ixracatın 123 milyard dollarlıq bölümü, yəni 55 faizə yaxını ən çox ixrac gerçəkləşdirən min şirkətin payına düşüb. 15 şirkətsə il boyunca 1 milyard dollardan çox dəyərdə məhsul ixrac edib.

Araşdırma sonuclarına görə, ilk minlikdə yer alan şirkətlərin 173-ü bu siyahıya ilk dəfə adını yazdırıb. İlk min şirkətin toplam ixracatının 63 faizi məhz yeni 173 şirkətin payına düşüb. Ən çox ixrac həyata keçirən şirkətlərlə bağlı daha bir diqqətçəkən məqam odur ki, Türkiyənin 81 rayon və şəhərinin 52-dən bu siyahıya düşən şirkətlər var. Ən çox ixrac gerçəkləşdirən ilk min şirkətin 80 faizi yerli sahibkarlara məxsusdur. Həmin şirkətlərin toplam ixracatdakı payları 63 faizdir.

Buna da bax: Azərbaycana ən çox pul qazandıran ölkələr

SOCAR ilk onluqdadır

Türkiyədə ötən il ən çox ixrac həyata keçirən şirkətlər arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Türkiyə" şirkətinin də adı var. Ötən il ərzində 1 milyard 794 milyon dollar dəyərində məhsul ixrac edən "SOCAR Türkiyə" həmin il Türkiyədə ən çox məhsul ixrac edən 8-ci şirkət olmağı bacarıb. Biröncəki 2020-ci ildə "SOCAR Türkiyə" 2021-ci illə müqayisədə xaricə üç dəfə az - 440 milyon dollar dəyərində məhsul göndərməyi bacarmışdı. Ötən il "SOCAR Türkiyə" ixracatla yanaşı, ölkə içində də satışlar aparıb və 6 milyard 226 milyon lirə məbləğində gəlir götürüb. SOCAR-ın Türkiyədə vergidən öncəki mənfəəti 363 milyon lirə olub.

Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı ilin sonlarında Türkiyədə "SOCAR Türkiyə" adlı törəməsini təsis edib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Türkiyə" həm də Türkiyənin "Petkim Petrokimya Holding" - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 faiz) malikdir. Bu baxımdan, "Petkim" SOCAR-ın Türkiyədəki ən böyük aktividir. "Petkim"in törəmə şirkəti olan "Petkim Limancılık Ticaret A.Ş" Türkiyənin ən böyük üç limanından biridir və SOCAR terminala 400 milyon ABŞ dolları civarında investisiya yatırıb. SOCAR-ın bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihəsi sayılan PETKİM Külək Elektrik Stansiyası isə 51 MWT gücünə malikdir və layihəyə 55 milyon avro sərmayə qoyulub.

Buna da bax: Azərbaycanın Türkiyə iqtisadiyyatında rolu artır

Bundan başqa, 2018-ci ildə SOCAR-ın 6 milyard dollardan çox sərmayə yatırımı ilə reallaşdırdığı STAR neft emalı zavodu istifadəyə verilib. SOCAR indiyədək Türkiyəyə toplam 16 milyard dollardan çox yatırım gerçəkləşdirib.

Bugünlərdə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) dərc etdiyi 2022-ci il Dünya İnvestisiya Hesabatında da SOCAR-ın Türkiyədəki investisiyalarına toxunulub. Hesabatda ötən il Türkiyə iqtisadiyyatına birbaşa xarici investisiyaların artım tendensiyasından söz açılır. Bildirilir ki, bu artım Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki neft-qaz aktivləri üzrə layihələri yenidən maliyyələşdirməsindən qaynaqlanır. Türkiyə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar ikiillik azalmadan sonra 2021-ci ildə 60 faiz artaraq 13 milyard dollara çatıb.

Ən çox ixracatı avtomobil sənayesi reallaşdırıb

Türkiyədə ən çox ixrac həyata keçirən şirkətlərin ilk onluğuna nəzər saldıqda aydın olur ki, ilk 10 şirkətdən üçü avtomobil sənayesi ilə bağlıdır. Ən böyük ixracatçıların siyahısında ilk iki yerdə qərarlaşan "Ford" və "Toyota" şirkətləri, eləcə də 7-ci yerdə qərarlaşan "Oyak-Renault" şirkəti məhz bu sahədə fəaliyyət göstərir. Həmin üç şirkətin toplam ixracatı 10 milyard dollara yaxın - ölkənin bütün ixracatının 5 faizinə yaxın olub. Türkiyənin ən böyük üçüncü ixracatçısı "Türkiye Petrol Rafinerileri" də neft sənayesi ilə bağlı fəaliyyət göstərir. Neft-kimya məhsullarının istehsalı üzrə fəaliyyət göstərən şirkətin ixrac etdiyi məhsulların dəyəri 1 milyard 465 milyon dollara yaxındır.

Buna da bax: 2021-ci ildə Türkiyədə oturum izni olan azərbaycanlı sayı 13 min nəfər artıb

Türkiyədə ev alan azərbaycanlıların sayı artıb

Bugünlərdə Türkiyə iqtisadiyyatında Azərbaycanla bağlı daha bir göstərici açıqlanıb. Türkiyənin statistika qurumunun bu ölkədə ev alan xaricilərlə bağlı göstəricilərindən aydın olur ki, Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının sayı çoxalıb. Bu ilin ilk beş ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə toplam 571 mənzil satın alıblar. 2021-ci ilin ilk beş ayı ərzində bu göstərici 382 olmuşdu. Hazırda azərbaycanlılar Türkiyədə mənzil satın alan ölkə vətəndaşları arasında 11-ci yerdədirlər. Rəsmi rəqəmlərə görə, Türkiyədə mənzil almağa ən çox maraq göstərən ölkə vətəndaşları Rusiya, İran və İraqdır. Bu il ərzində Türkiyədə xaricilərə satılan 27 min mənzilin 10 mindən çoxu məhz bu üç ölkə vətəndaşlarının payına düşüb.