Almaniyada kansler Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmaq planları barədə xəbərlər yayılıb. Belə bir söhbət baş tutarsa, Şolts 2022-ci ildən bəri Ukraynanın müttəfiqlərindən Putinlə birbaşa danışacaq ilk lider olacaq.
Moskva 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayıb.
Şoltsla Putinin planlaşdırılan telefon danışığı barədə ilk dəfə oktyabrın 1-də hökumət dairələrinə istinadla "Die Zeit" nəşri yazıb. Nəşrin yazdığına görə, danışıq noyabrda Böyük İyirmilik (G20) ölkələrinin Braziliya görüşü öncəsi baş tutmalıdır. Ancaq qeyd edilir ki, Berlin danışıqla bağlı Kremlə rəsmi müraciət etməyib.
Daha sonra "Süddeutsche Zeitung" kanslerin administrasiyasına istinadla yazıb ki, hələlik, mümkün telefon söhbəti barədə konkret planlar, vaxt müzakirə edilməyib.
O.Şolts əvvəl demişdi ki, Ukraynadakı müharibə ilə əlaqədar mümkün atəşkəslə bağlı danışıqlar yalnız Putinin iştirakı ilə aparılacaq. Bəzi məlumatlara görə, kansler bu məsələ üzrə sentyabrda Ukrayna prezidenti Volodimir Zelenski ilə onun Ramşteyndəki ABŞ aviabazasına səfəri zamanı müzakirə aparıb.
Şolts bir neçə dəfə deyib ki, Putinlə telefon söhbətləri "Rusiya prezidentini reallıqla üzləşdirmək" üçün nadir fürsətdir.
Sonuncu dəfə kansler Rusiya prezidenti ilə 2022-ci il dekabrın 2-də danışıb. O zaman iki liderin mövqelərində yaxınlaşma baş vermədiyi deyilirdi.