Şon Penn Ukraynaya hücum haqda film çəkir

Şon Penn

"Variety" saytı "Vice Studios"a istinadən yazır ki, bugünlərdə Ukraynadan qayıdan amerikalı aktyor və rejissor Şon Penn Rusiyanın Ukraynaya hücumu haqda sənədli film üzərində işləyir. "Oskar" mükafatlı aktyor fevralın 24-də Kiyevdə Ukrayna hökumət rəsmilərinin mətbuat brifinqinə qatılaraq onların böhran haqqında dediklərini dinləyib.

Sözügedən sənədli filmi "Vice Studios" "Vice World News" və "Endeavor Content" ilə birgə çəkir.

Penn Ukraynaya sonuncu dəfə 2021-ci ilin noyabrında getmiş, ölkənin hərbçiləri ilə görüşərək sənədli filminin çəkilişlərinə hazırlaşmağa başlamışdı.

Həqiqəti dünyaya danışmaq üçün

"Penn …Ukraynaya gələndən bəri Prezidentin ofisini ziyarət edərək baş nazirin müavini İrina Vereşukla, yerli jurnalistlər və Ukrayna ordusunun nümayəndələri ilə danışıb", – "Newsweek" jurnalı yazıb. Ukrayna Prezidentinin ofisi ABŞ-dakı Ukrayna səfirliyi vasitəsilə bəyanat yayaraq Şon Penni təqdir edib. "Rejissor xüsusi olaraq hazırda Ukraynada baş verməkdə olan hadisələri qeydə almaq və Rusiyanın ölkəmizə hücumu haqda həqiqəti dünyaya danışmaq üçün Kiyevə gəlib. Şon Penn bu gün Ukraynanı Ukraynada dəstəkləyənlərin arasındadır. Ölkəmiz ona belə cəsarət və səmimiyyət göstərdiyi üçün minnətdardır", – bəyanatda deyilir.

Şon Penn Kiyevdə Prezident ofisində mətbuat konfransında

"Şon Penn bir çoxlarında, xüsusən bəzi Qərb siyasətçilərində olmayan cəsurluq nümayiş etdirir. Onun kimi azadlığı dəstəkləyən və onun üçün mübarizə aparan insanlar - Ukraynanın əsl dostları nə qədər çox olarsa, biz Rusiyanın bu xain hücumunu o qədər tez dayandıra bilərik", – bəyanatda daha sonra deyilir.

CORE

Penn illər ərzində bir çox müharibə əleyhinə və humanitar əməliyyatların mərkəzində olub. "Discovery Plus"ın 2020-ci ildə çəkdiyi "Citizen Penn" adlı sənədli film aktyorun "Community Organized Relief Effort" adlı qeyri-kommersiya təşkilatını yaratmaq üçün göstərdiyi səyləri əks etdirir. Eyni zamanda CORE adı ilə tanınan bu təşkilat 2010-cu ildə Haitidəki dəhşətli zəlzələnin qurbanlarına yardım etmək üçün təsis olunub. CORE, bundan başqa, ABŞ-ın özündə COVID-19 testləri və vaksinlərlə kömək etmək üçün çalışıb.

"Artıq insanların həyatına son qoymaqla və qəlbləri sındırmaqla qəddar bir səhvə yol vermiş cənab Putin yumşalmasa, bütün bəşəriyyət üçün ən dəhşətli səhvi etmiş olacaq. Prezident Zelenski və Ukrayna xalqı cəsarət və prinsipin tarixi rəmzləri kimi yüksəliblər. …Əgər biz Ukraynaya tək vuruşmağa imkan versək, deməli, biz Amerika olaraq ruhumuzu itirmişik", –aktyor müharibənin ikinci günü deyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Həftə ərzində Ukraynadan Avropaya 1 milyon qaçqın gəlib

"Baqaj görmədim"

Bir neçə gün öncə vətəninə qayıdan 61-yaşlı kino ulduzu CNN-in "Anderson Cooper 360º" proqramına müsahibəsində Ukrayna-Polşa sərhədində gördüklərindən, qaçqın böhranının miqyasından danışıb. O, sərhədə doğru axışan avtomobillərin içində yalnız qadınlar və uşaqları gördüyünü danışıb.

"Mən baqaj görmədim. Sanki onlar geri qayıda biləcəklərinə inanmaq istəyirdilər… O anda xoşbəxt olmasam da, şadam ki, o sərhəddən keçməyin, orada bəzən günlərlə qalmağın necə bir şey olduğunu öz üzərimdə hiss edə bilmişəm", – Şon Penn deyib.

Penn müsahibə zamanı çox emosional səslənir, hətta səsinin titrədiyi aydın hiss olunurdu. O, prezident Zelenskinin cəsarətindən və kritik anda xalqını birləşdirmək qabiliyyətindən çox təsirləndiyini, ona və Ukrayna xalqına görə çox narahat olduğunu deyib.

Aktyor ABŞ-ı Ukraynanı dəstəkləmək üçün əlindən gələni etməyə çağırıb.

O, müsahibəsində CORE təşkilatının sərhədi keçən qaçqınlara pul, su və gigiyenik bağlamalar şəklində yardım etdiyini də deyib.