Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinin keçmiş müdiri Akif Məmişov deyir ki, bu vəzifədən çıxarılmasın deyə, ondan 13 min manat pul alıblar.
Onun sözlərinə görə, vəzifədə qalmasından ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ondan 15 min manat rüşvət tələb ediblər. Danışıqlarla məbləği 13 minə saldıra bilib və onu ödəyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Məmişov bu barədə oktyabrın 17-də keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində dindiriləndə danışıb. Sabiq nazirin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Məmişov 1994-cü ildən Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə işləyib. O, 2014-cü ildə Fondun Cəbrayıl rayon şöbəsinin müdiri təyin edilib. 2020-ci ilə qədər bu vəzifədə işləyib.
Buna da bax: Hökumət də gələn ildən bədbindir“Dedi ki, üzə çıxan pozuntulara görə 15 min manat verməlisən”
Müslümovun məhkəməsində şahid statusunda dindirilən Məmişov danışır ki, onun rəhbərliyi dövründə Cəbrayıl şöbəsində yoxlamalar aparılıb, bir sıra nöqsanlar aşkarlanıb. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarov onu nazirliyə çağırtdırıb:
“Dedi ki, üzə çıxan pozuntulara görə 15 min manat verməlisən. Dedim ki, o qədər pula gücüm çatmaz, 10 min verə bilərəm. Axırda 13 min manata razılaşdı. 62 yaşım var. Onda 1115 manat maaş alırdım. İşdən çıxarmasınlar deyə, 13 min manatı aparıb otağında Nizami Xanlarova verdim”.
Məmişov əlavə edib ki, bu pulu verəndən sonra onu işdən çıxarmayıblar, formal olaraq, töhmət elan ediblər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Şahidin dediklərini dinləyən sabiq nazir Müslümov onun iddialarına heç bir cavab verməyib.
Keçmiş nazirin məhkəməsində dindirilən başqa bir şahid Həbib Məmmədov tikinti şirkətinin sahibidir. O şirkət Qarabağ döyüşlərində yaralananlar və həlak olanların ailələri üçün Naftalan, Zərdab, Şamaxı, Tərtər və Qax rayonlarında evlər tikib.
“Hər evə görə 3 min manat verilməliydi”
Məmmədov deyir ki, bu evlərin tikintisiylə bağlı tender keçirilməmişdən öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qalib olmaqdan ötrü verilməli rüşvətin məbləği razılaşdırılıb. Onun sözlərinə görə, hər tikiləcək evə görə nazirliyə 3 min manat verilməsi müəyyənləşdirilmişdi:
“Tender keçirilməmişdən öncə nazirlikdə idarə rəisi Natiq Əzizovla görüşdüm. Ona 39 min manat verdim. 13 ev tikmişəm, hər evə görə 3 min manat verilməliydi”.
Buna da bax: ‘Necə şirkət sahibiyəm ki, yeməyə çörək və yumurtadan başqa heç nə tapmırıq’
Natiq Əzizovun adı sabiq nazirin işi üzrə bundan öncəki məhkəmə iclaslarında da dəfələrlə hallanıb. Lakin nə özü ünvanına səslənən ittihamlara cavab verib, nə də sabiq nazir məhkəmədə bu haqda nəsə deyib.
Dövlət Sosial Müdafiə Fondunun Ağdam, Sumqayıt, Astara, Ağcabədi, Şirvan, Xocavənd, Yevlax və Göygöl şöbələrinin müdirləri, nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru da Müslümovun məhkəməsinə çağırılıb. Amma onlar gəlməkdən imtina ediblər. Bu üzdən barələrində məcburi gətirilmə qərarı verilib. Qərar icra olunması üçün polis orqanlarına göndərilib.
Xatırlatma
1961-ci il təvəllüdlü Səlim Müslümov 27 milyon manatlıq yeyinti və rüşvətdə ittiham edilir. Ona CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. O 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.
Buna da bax: Fəhlə: 'DTX-ya çağrılanda bildim ki, şirkətlərim varmış...'2018-ci ildə nazir vəzifəsindən azad edilən Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, Səbail rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs qərarı çıxarılıb.
DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib. Lakin yayılan məlumatlara görə, yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödəməsi onun həbsdən çıxmasında rol oynayıb.
Müslümov büdcə vəsaitlərinin yeyintisində ittiham olunduğuna görə onun işi üzrə məhkəmədə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Buna da bax: Müslümova ittiham: cənazə maşınının sürücüsü, gözəllik salonu...Müslümov nazir olduğu dövrdə bu qurumun Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev (Əjdər Ol) da onunla birlikdə həbs olunmuşdu. Lakin Əjdər Olun haqqındakı cinayət işi sonradan ayrılaraq, məhkəməyə göndərildi. O, 8 il 3 ay azadlıqdan məhrum edilib.
Cəbiyev özünü qismən təqsirli bilirdi. O, bir sıra hallarda qanunsuzluqlara yol verildiyini etiraf etsə də, deyir ki, əldə olunan vəsait büdcədə nəzərdə tutulmayan xərclərə yönəldilib.