Rusiyanın müdafiə naziri Sergey Şoyqu bütün “könüllü dəstələri” iyulun 1-dək Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edən fərman imzalayıb.
Bu barədə "radiosvoboda" nazirliyə istinadən məlumat verir.
Sənəddə söhbətin hansı "könüllü dəstə"lərdən getdiyi göstərilmir, lakin Rusiya Müdafiə nazirliyi öz məlumatlarında "Vaqner PMC"-nin döyüşçülərini “könüllülər” adlandırır.
Buna da bax: Priqojinin döyüşçüləri Rusiya ordusu ilə atışıblar?Müdafiə nazirinin müavini Nikolay Pankovun dediyinə görə, belə bir qərar könüllü birləşmələrə lazımi hüquqi statusun verilməsinə imkan verməklə yanaşı həm də ordunun imkanlarını genişləndirəcək.
Nazir müavinin sözlərinə görə, “vətəndaşların dövlətlə müqavilə bağlaması, ilk növbədə, dövlət tərəfindən onlara, eləcə də ailə üzvlərinə müəyyən edilmiş sosial müdafiə və dəstək tədbirlərinin genişləndirilməsidir”.
Rusiyada hərbi könüllü dəstələrin sayının 40-dan artıq olduğu və həmin biləşmələrə qoşulanların sayının getdikcə çoxaldığını bildirilir.
"Vagner" özəl hərbi birləşməsinin təsisçisi Yevqeni Priqojin müdafiə nazirinin yeni imzaladığı sənədə cavab olaraq deyib ki, "Şoyqu ilə heç bir müqavilə bağlamayacaq".
Priqojin "Vaqner"i öz hərəkətlərini ölkə Silahlı Qüvvələrinin komandirləri ilə əlaqələndirən yüksək effektiv struktur adlandırıb.
"Təəssüf ki, əksər hərbi hissələrin belə səmərəliliyi yoxdur və məhz bu Şoyqunun hərbi birləşmələri normal idarə edə bilməməsi ilə bağlıdır. Bu əmrdən sonra nə baş verə bilər - bizə silah və sursat verilməyəcək - biz bunu anlayacağıq, necə deyərlər, göy gurultusu başlayanda onlar qaçaraq gəlib silah və sursat gətirərək “kömək” istəyəcəklər”, - deyə Priqojin bildirib.
Buna da bax: Kadırovun qohumu Priqojinə: 'Bəsdir çərənlədin'"Vaqner" PMC-nin təsisçisi Yevgeni Priqojin dəfələrlə Rusiya Müdafiə Nazirliyini və şəxsən nazir Sergey Şoyqunu açıq şəkildə tənqid edib.
Xüsusilə, 2023-cü ilin ilk aylarında Priqojin bir neçə dəfə Müdafiə Nazirliyini "Vaqner"ə silah-sursat verməkdən imtinada ittiham edib.