İki günə 5 intiharın baş verdiyi bildirilir

Sui-qəsd.

Son 2 gündə ölkə ərazisində 5 intihar olayının baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, yanvarın 9-u Bakıda 55 yaşlı kişi canına qıyıb.

Hadisənin Səbail rayonunda qeydə alındığı, Fazil Qasımovun sirkə turşusu içdiyi bildirilir. Təcilli xəstəxanaya çatdırılsa da onu xilas edə bilməyiblər.

Yanvarın 10-da isə Zaqatala rayon Aşağı Tala kəndi sakini, 1965-ci il təvəllüdlü Eldar Ramazanovun asılmış meyiti aşkarlanıb.

Buna da bax:​ 'Məsuliyyətsizlikdən, özbaşınalıqdan və korrupsiyadan ölənlər'

Şəmkir rayonunun Morul kəndi sakini, 40 yaşlı Maisə Musayevanın da həmin gün canına qəsd etdiyi bildirilir. Qadının ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi söylənir.

Report-un xəbərində isə deyilir ki, yanvarın 10-u Bakıda gənc oğlan - əslən Şəki şəhərindən olan 1996-ci təvəllüdlü Murad Əliyev də özünü Əsəd Əhmədov küçəsindəki binalardan birinin 19-cu mərtəbəsindən atıb.

Nizami rayonundakı Naxçıvanski küçəsində yaşayan 1958-ci il təvəllüdlü İradə Musayevanın isə özünə xəsarət yetirərək intihar etdiyi bildirilir.

Buna da bax: Psixoloqdan xəbərdarlıq: 'İntiharlar arta bilər'

Olayların səbəbləri açıqlanmır. Araşdırma aparılır.

Təkcə ötən ilin 9 ayında Azərbaycanda 500 özünü öldürmə həddinə çatdırma ittihamı ilə cinayət işi başlanıb. Ekspertlər Azərbaycanda intiharların səbəblərinin hərtərəfli araşdırılması ilə bağlı ayrıca mərkəzin yaradılmasını təklif edirlər. Onların fikrincə, bir çox hallarda intiharların gerçək səbəbləri gizlədilir. Mətbuatın araşdırmalarına görə, insanlar daha çox maddi sıxıntılar və hüquqsuzluqdan canlarına qıyırlar.