Sumqayıtda köçkünlər necə yay rejiminə keçib...

Arxiv fotosu

"Qonşuluqdakı mənzil yandı, yanğınsöndürənlər gəlincə ailə üzvlərini özümüz xilas etdik, ancaq evi yanğının əlindən ala bilmədik. Yanğınsöndürənlər yanğını söndürmək üçün 60 ton su vurdular. Nəticədə bütün qonşuların, o cümlədən də mənim evim pis vəziyyətə düşdü".

Emin İmaməliyev Zəngilan köçkünüdür, ailə üzvü müharibədə həlak olub. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qarayev küçəsində 13-5b ünvanda, taxta konstruksiyalı, ikimərtəbəli ümumi yaşayış sahəsində məskunlaşıb. Burada ümumilikdə səkkiz köçkün ailəsi yaşayır. Şikayətçi AzadlıqRadiosu-na danışır ki, bu il iyunun 30-da ikinci mərtəbədə yaşayan qonşunun evində qəfil yanğın başlayıb. Qonşular yanan mənzildəki ailəni birtəhər xilas ediblər.

Buna da bax:​ İsmayıllı sakini: '47 manat əlillik pensiyası alıram, çörəyə də çatmır'

“İŞIQSIZ, QAZSIZ QALMIŞIQ”

Yanğınsöndürənlər gəlib, yanğın söndürülüb, ancaq yanğının söndürülməsi zamanı yüksək təzyiqlə vurulan su qonşuluqdakı mənzillərə ziyan vurub. Köçkün danışır:

"Taxta bina onsuz da qəzalı vəziyyətdədir. Əvvəllər də dəfələrlə yazılı müraciət etmişik, baxan olmayıb. Mənzillərin döşəmələri, tavanları çürük-çürük, kabellər köhnə... Canımızı dişimizə tutub yaşayırıq. Bir tərəfdən də yanğınsöndürənlərin suyu təzyiqlə vurmasından sonra mənzillərin olan-qalan hissələri sıradan çıxıb. Neçə gündür ki, işıqsız, qazsız qalmışıq".

Buna da bax:​ 'Müəllim uşağı döyüb… Deyirlər, xəstədir, işin olmasın' - Valideyn

Köçkünün deməsinə görə, yanğın söndürüləndən sonra Sumqayıt şəhər icra hakimiyyətindən nümayəndə gəlib. Lakin rəsmi qurumun təmsilçisinin ziyarəti köçkünləri ümidləndirməyib:

"On dəqiqə ortalıqda fırlandı, yalandan "nə var, nə yox" deyib çıxıb getdi. O gün - bu gün, səkkiz ailənin hansı vəziyyətdə yaşadığı heç kəsi narahat etmir".

Binadakı başqa mənzillərdə yaşayan köçkün ailələri də iddia edirlər ki, suyun təzyiqlə vurulması nəticəsində mənzilləri, mebelləri və başqa əşyalar da yararsız hala gəlib. Mənzillər yararsız vəziyyətə düşdüyündən ailələr binanın qarşısında gecələyirlər.

Buna da bax:​ Bir ailə bir ildir ki, çadırda yaşayır

BİNA QƏZALIDIR, AMMA...

Əslində, köçkünlər dəfələrlə yerli icra qurumlarına müraciət ediblər ki, binadan köçürülsünlər. Çünki qəzalı binada əvvəllər də yanğın təhlükəsi yaranıb. Onların deməsinə görə, 75 ilin taxta binası uçub dağılmaq üzrədir. İndiyədək binada yararsız kabellərdən bir neçə dəfə yanğın çıxıb, köçkünlər özləri qarşısını alıblar. Bundan başqa, binanın kanalizasiya sistemi də çoxdan sıradan çıxıb.

Sumqayıt şəhər icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, qeyd olunan bina qəzalı evlər siyahısındadır. Lakin köçkünlərin başqa yerə köçürülməsi ilə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi ("Qaçqınkom") məşğul olmalıdır ki, sonra da bina sökülsün.

Buna da bax:​ Goranboydan şikayət: 'Yolu kəsib anbar tikdirir'

"Qaçqınkom"dansa "Qaynar xətt"ə bildirilib ki, inşa olunacaq köçkün şəhərciklərinə ilk növbədə qəzalı yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi gözlənilir.