-
«3 aydır obyektləri söküb gediblər. İndi də kompensasiya üçün arxalarınca sürünürük».
İntiqam Həsənovun Sumqayıtdakı maşın bazarının qarşısında iaşə obyekti olub. O, AzadlıqRadiosuna danışır ki, ötən il dekabrın 11-də səhər saatlarında əraziyə ağır texnika gəlib, fəhlələr bildiriblər ki, onlara obyektləri sökmək göstərişi verilib:
«Hər hey gözlənilməz oldu. Bu obyektin sahibiyəm, adamı bir xəbərdar edərlər. Oturduğumuz yerdə gətirib texnikanı dirədilər obyektlərə ki, «göstəriş var, sökürük». Bir göz qırpımında dağıtdılar, getdilər. Əlimdə sənədim var. Bu ərazi düz icra hakimiyyətinin burnunun ucundadır. O boyda tikinti aparılanda hara baxırdı? Niyə vaxtında gəlib demirdi ki, «tiksən, sökəcəyəm?»».
«AC UŞAQLARIN ÜZÜNƏ BAXA BİLMİRƏM»
Tikilisi sökülən təkcə İntiqam Həsənov deyil. İsmayıl Səmədov da elə dekabrda obyektini itirib. Qazanc yerini itirməsi onu ailəsinə də həsrət qoyub:
«Sürücülərə xidmət göstərirdim. Çay, peraşki… Başımızı dolandırırdıq. Ölkədə iş yoxdur. Sovet dağılandan hərə başını bir cür saxlayır. Ailəmi gündəlik qəpik-quruş gəlirlə dolandırırdım. 3 aydır işləmirəm. Uşaqlar acdılar, üzlərinə baxa bilmirəm... Ailəmdə söz-söhbət tükənmək bilmir. Hökumət adamların təkcə qazanc yerini əlindən almır, həm də ailəsinin dağılmasına səbəb yaradır. İnsanları göz görə-görə məhv edir. Neçə gündür evdən çıxmışam, çünki ac uşaqların üzünə baxa bilmirəm. Hökumət vətəndaşını hərtərəfli sıxır. O qədər sıxır ki, vətəndaş məcbur qalır boğazını kəndirə təslim etsin».
Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsindən «Qaynar xətt»ə bildiriblər ki, obyektlər köhnə və yarımçıq tikililər olub. Ona görə də sökülməsinə qərar verilib. İdarə obyekt sahiblərinin torpaq sahələrinin bir qismini zəbt etdiyini də bildirir. Üstəlik də, obyektlərin fəaliyyət göstərdiyi ərazinin yaxınlığından qaz kəməri keçirmiş.
«MÜASİR ÜSLUBDA LAYİHƏ TƏKLİF ETSİNLƏR»
«Müasir üslubda layihələr təklif eləsinlər, ola bilsin ki, məsələyə baxılsın. Kompensasiya verilməyəcək. Çünki hamısı yarımçıq, üstüaçıq tikililər olub», - idarədən bildirilib.
Maşın bazarının qarşısındakı obyektlərin sahiblər söküntüdən narazıdır. Deyirlər, iaşə obyektləri uzun illərdir həmin ərazidə fəaliyyət göstərib. Qəflətən sökülməsi barədə qərar verilib. Ötən ilin dekabrında ağır texnika obyektləri uçurdub.
Hüquqşünas Fuad Hüseynov deyir, obyektləri sökülmüş sahibkarlar kompensasiya tələbini hüquq müstəvisində, yəni məhkəmə yoluyla həll edə bilərlər.