“Bu yolu sürücülərə tələ qoyublar – pul tələsi... Yolun başını bağlayıblar, yolun ortasına da bir “qoşa xətt” çəkiblər. Yolun kənarında da polisləri durub, kim dönüb qayıdırsa, tutub cərimələyirlər”.
Bunu "Qaynar xətt"ə Sumqayıt sakini Mais Şükürov deyir. İyunun 1-də yol polisləri onun Səməd Vurğun küçəsinin bulvar istiqamətiylə hərəkət edən avtomobilini saxlayaraq cərimələyiblər. Səbəb sürücünün qoşa xətt üzərindən dönmə etməsi olub. Ancaq Mais Şükürov yol polislərinin protokolunu imzalamaqdan imtina edib.
Buna da bax: Sumqayıtda 66 sahibkarın obyekti sökülür
“60 MANAT CƏRİMƏ YAZILIB”
Eyni hadisə başqa sürücü Cəfər Cəfərlinin də başına gəlib. O, bulvarda aparılan təmir işlərinə görə bağlanmış yolun əsl "pul tələsi"nə çevrildiyini düşünür:
"Həmişə istifadə etdiyim yoldur, yolu bağlayanda bu başdan xəbərdarlıq lövhəsi asmalıdılar ki, sürücülər o yola girməsinlər. Burdasa elə deyil, heç yerdə xəbərdarlıq yoxdur, sürücülər girir həmin yola, axıra kimi gedir, yolun başına çatanda məlum olur ki, bulvardakı təmirə görə müvəqqəti bağlanıb. Maşın bağlanan yolun üstündən qanad açıb uçası deyil ki... Məcbursan ki, dönüb geri qayıdasan, orda da qoşa xətt çəkilib, o xətti tapdalamamış dönmə mümkün deyil. Bax, dərd budur. 60 manat cərimə yazılıb. Hər gün nə qədər sürücü o "tələ"yə düşür, cərimələnir".
Bu vəziyyət yolu Səməd Vurğun küçəsinin həmin hissəsindən düşən xeyli sürücünün cərimələnməsinə səbəb olub.
Buna da bax: Məhkəmələr köçkünləri zəbt olunmuş evlərdən çıxarır
“SÜRÜCÜ QƏSDƏN QAYDANI POZUB”
Sumqayıt şəhər yol polis idarəsindən "Qaynar xətt"ə məsələni araşdıracaqlarını bildiriblər:
"O sürücü telekanalları da yığıb töküb bura, ancaq araşdırılacaq. Orada dönmə əməliyyatı zamanı qoşa xətti tapdalamamaq üçün kifayət qədər məsafə var. Sürücü qəsdən qaydanı pozub".
Cəfər Cəfərli isə daş atıb başını tutur ki, yolun başında dönməyə saxlanılan məsafədə avtomobillər park edir: "O yol polisləri əvvəl həmin "parkovka" eləyən maşınları oradan götürsün ki, yol açılsın, başqa maşınlara dönmə imkanı yaransın. Üstəlik də, yolun girişində xəbərdarlıq lövhəsi assın. Əvvəl öz işini görsün, sonra sürücüdən cərimə tələb etsin".
Buna da bax: Sərnişin daşıyan sahibkarın başına gələn 'filmlər'...
Sürücü məsələnin obyektiv araşdırılmasını və cərimənin silinməsini tələb edir. Əks halda, məhkəməyə müraciət edəcəyini bildirir.