İyulun 29-da yayılan xəbərlərə görə Tacikistanda müxalif internet televiziya kanalı direktorunun qardaşı Asliddin Şaripov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə məlumatı AzadlıqRadiosuna onun yaxın yoldaşı verib.
Onun sözlərinə görə Şaripov əslində mart ayında məhkum edilib və hazırda Düşənbədəki islah-əmək koloniyasında saxlanır.
Şaripov “Payom” internet telekanalının direktoru Şavkat Məhəmmədinin qardaşıdır. Məhəmmədi hazırda Avropa İttifaqı ərazisində məskunlaşıb.
Rusiyanın Yekaterinburq şəhərinin polisi Şaripovu 2022-ci ilin sentyabrında həbs etmiş və o 2023-cü ilin oktyabrında Tacikistana ekstradisiya edilmişdi.
Buna da bax: Yaxınları Emin İbrahimovun aclıq aksiyasını dayandığını deyirlərSiyasi qisas iddiası
O vaxt Rusiyadakı Nijnı Tagil şəhərinin məhkəməsi bildirmişdi ki, Tacikistan hakimiyyəti Şaripovu qadağan olunmuş qrupla əməkdaşlıqda ittiham edərək axtarışa verib.
Buna baxmayaraq Şaripovun konkret olaraq nədə ittiham olunduğu məlum deyil, çünki Tacikistan hökuməti bu barədə heç bir rəsmi açıqlama verməyib.
Şavkat Məhəmmədi Norveç Helsinki Komitəsinə deyib ki, onun internetdə hökuməti tənqid etməsinə görə qardaşından qisas alınır.
Bu da xəbər verilir ki, hazırda xaricdə yaşayan onlarca Tacikistan müxalifətçisi və fəalı Düşənbə tərəfindən axtarışa verilib.
Ölkəyə 30 ildir ki, rəhbərlik edən prezident Emomali Rahmon müstəqil media, din azadlığı, vətəndaş cəmiyyəti və siyasi plüralizm üzərinə basqı və təqiblərinə görə beynəlxalq insan haqları qrupları tərəfindən tənqid olunur.