Taksi şirkətləri yeni qaydalara cavab verməyən avtomobillərin sürücülərinin profillərini bloklamağa başlayıb.
Bu, iyulun 1-dən qüvvəyə minən yeni qaydalarla bağlıdır.
Taksi sürücülərindən biri "Turan"a bildirib ki, şirkətlər artıq ötən həftədən 2006 və 2007-ci il istehsalı olan avtomobillərin sürücülərinə tətbiqə girişi bloklayır: "Bu gündən 2008-ci ilin maşınlarının sürücülərini də bloklamağa başlayıblar. Deyilənə görə, bu, mərhələli şəkildə baş verəcək".
Taksi şirkətlərindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə "Turan"a bildirilib ki, taksi xidməti ilə məşğul olmaq istəyənlər icazələr aldıqdan sonra fəaliyyətlərini davam etdirirlər: "Yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər 1 iyul tarixinədək icazə üçün müraciət edə bilərdi. Bu gündən sonra isə yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə biləcəklər. Həmçinin avtomobillərə "Avro-5" standartı tələbi də bu gündən qüvvəyə minir. Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb 2024-cü il iyulun 1-dən sonra... idxal və ya ölkədə istehsal olunan avtonəqliyyat vasitələrinə şamil edilir".
AYNA-nın məlumatına görə, bugünədək taksi fəaliyyəti üçün 11 min 696 "buraxılış kartı" alınıb, 24 min 482 sürücü təlimlərə cəlb edilib. Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb.
Agentliyin əməkdaşları buraxılış kartlarını da yoxlayacaq. İcazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi operatorları barəsində inzibati tənbeh tədbirləri görüləcək.
Rəsmi olmayan məlumatlara görə, yeni qaydaların tətbiqinə qədər Bakıda 50 minə yaxın taksi fəaliyyət göstərirdi. Artıq keçən aydan taksi xidmətində qiymətlər bahalaşıb.