"Müsəlman Birliyi" Hərəkatının (MBH) sədri Taleh Bağırovun həkimlərin köməyindən, telefon zənglərindən və vəkillərin ona müraciətindən imtina etdiyi bildirilir. O, başqa cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edir.
Bu barədə dekabrın 3-də 12 saylı Cəzaçəkmə Müəssisəsində Taleh Bağırova baş çəkən vəkil Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna danışıb.
Vəkil MBH sədri T.Bağırovun aclıq aksiyasını davam etdirdiyini bildirdiyini söyləyir. Onun aclıq aksiyasına başladığı haqqında məlumat noyabrın 27-də yayılmışdı, amma bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən təsdiq etməmişdilər. Üstəlik, xidmətdən ona təzyiqlərin olması ilə bağlı deyilənləri də əsassız saymışdılar.
Vəkilin sözlərinə görə, T.Bağırov isə ona deyib ki, 2014-cü ildə həmin müəssisədə cəza çəkəndə rəis müavini ona problemlər yaradıb, onu "vətən xaini" adlandırıb: "İndi də Qobustan həbsxanasından ora qaytarılandan sonra təhqir edildiyini bildirir. Ona görə də Taleh Bağırov başqa müəssisəyə köçürülməsini tələb edir".
Hələlik, bu açıqlamaya adı çəkilən qurumlardan və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
T.Bağırov bugünlərdə 7 illik həbsdən sonra qapalı həbsxanadan 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Taleh Bağırovun aclığa başladığı deyilir
"Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun "zülmə son" tələbi ilə aclıq aksiyası keçirdiyi bildirilir.
Bu barədə noyabrın 27-də hərəkatın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, T.Bağırov məhkəmə qərarına əsasən, 7 illik həbsdən sonra qapalı həbsxanadan 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb və orada təhqirlərə məruz qalıb: "O, zəng vurub bildirib ki, ayın 26-da 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Özünün bildirdiyinə görə, ora gəldiyi andan təzyiqlərlə üzləşib".
Məlumata görə, cəzaçəkmə müəssisəsində T.Bağırova deyilib ki, o, orada az qalacaq və onu yenidən qapalı həbsxanaya qaytaracaqlar: "Kobud rəftara etiraz olaraq o, aclığa başlayıb".
Penitensiar Xidmət təkzib edir
Bu deyilənlər ilə bağlı Penitensiar Xidmətdən isə "Turan"a bildirilib ki, T.Bağırova qarşı hər hansı mənəvi, fiziki təzyiq yoxdur: "Taleh Bağırov aclıq etmir".
"Müsəlman Birliyi" Hərəkatının T.Bağırov daxil, bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsədirlər. Onlar 2015-ci ildə ikisi polis olmaqla, altı nəfərin öldüyü Nardaran hadisələri zamanı həbs ediliblər. Həmin şəxslər qətl və başqa ağır cinayətlərdə ittiham edilirlər. Lakin onlar heç kimi öldürmədiklərini və saxlandıqdan sonra ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər. Daxili İşlər Nazirliyi isə işgəncə şikayətlərini əsaslı saymayıb. T.Bağırov özü 19 il həbs cəzası alıb.
Bu, onun birinci həbsi deyil. Ümumilikdə üç dəfə həbsdə olan T.Bağırov bundan əvvəl 2013-cü ilin martından 2015-ci ilin iyulun sonuna qədər həbs həyatı yaşamışdı. Onda T.Bağırov narkotikdə ittiham edilmişdi. O, onda da ittihamı qurama sayırdı.