“Müsəlman Birliyi” Hərəkatının üzvü Anar Cabbarov-un Türkiyədə saxlanaraq Bakıya gətirildiyi bildirilir.
Bu barədə Azadlıq Radiosuna hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat verib:
“ Onun Türkiyədə əvvəlcə sənəndlərində problem olması adı ilə polisə aparıldığı və üç gün qanunsuz olaraq saxlandığı deyilir...”
Hüquq müdafiəçisinin hərəkatdakı mənbələrə istinadən bildirməsinə görə, martın 21-də A.Cabbarovun Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparıldığı deyilir. Onun dünən, martın 22-də də Azərbaycana gətirildiyi vurğulanır. Anar Cabbarovun hazırda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğu güman edilir. Amma ittihamla bağlı hər hansı informasiya verilmir.
Anar Cabbarovun saxlanması ilə bağlı bu deyilənləri Türkiyənin rəsmi qurumlarından və Azərbaycan Daxili İşlər Nazirliyindən isə dəqiqləşdirmək mümkün olmayıb.
Taleh Bağırov Nardaran hadisəsində həbs edilib.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov terror və başqa ağır cinayətlərdə ittiham edilərək20 il həbs cəzasına məhkum edilib.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.
Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.