Üç il öncə - Taliban hakimiyyəti ələ keçirəndən bir neçə gün sonra Pakistanın İdarələrarası Kəşfiyyat Xidmətinin güclü rəhbəri general-leytenant Faiz Həmid Əfqanıstanın paytaxtı Kabilə bir növ qələbə səfəri etmişdi.
"Xahiş edirəm narahat olmayasınız. Hər şey yaxşı olacaq", - general beşulduzlu "Sarena" otelində gülümsəyərək çay içə-içə Qərb jurnalistlərinə belə demişdi.
Di gəl, üç il sonra Pakistan Talibanın hakimiyyəti yenidən ələ keçirməsinə yardım göstərdiyindən məmnun görünmür. AzadlıqRadiosu "Radio Azadi" xidmətinin əməkdaşı Abubakar Siddikin qələmə aldığı məqalədə deyilir ki, Taliban hökuməti artıq Pakistanın əsas düşməninə çevrilib.
İslamabad Talibanı 2021-ci ildə yüzlərlə Pakistan hərbçisini öldürən "Təhrike Taliban Pakistan" (TTP) hərəkatına sığınacaq verməkdə günahlandırır. TTP-nin Əfqanıstanın daxilində gizləndiyi düşünülən yerlərə Pakistanın davamlı hava zərbələri və diplomatik xəbərdarlıqları heç bir nəticə vermir. İslamabad öz tələblərini dəfələrlə təkrarlasa da, Taliban TTP-ni dəstəkləməkdən əl çəkmir.
Az qala, hər həftə sərhəd toqquşmaları baş verir
Avqustun 14-də Pakistanla Əfqanıstan arasında əsas sərhəd keçid məntəqəsi olan Torxam artıq üç gün olar qapalı idi. Avqustun 12-də baş verən atışma nəticəsində bir neçə Taliban döyüşçüsü yaralanmış, azı, üç Pakistan hərbçisi də həyatını itirmişdi.
İki ölkə arasındakı 2 min 500 kilometrlik sərhəd boyunca belə toqquşmalar, demək olar, hər həftə baş verir.
Sərhədin tez-tez bağlanması və 1 milyona yaxın yoxsul əfqanın Pakistandan çıxarılması da Əfqanıstanın indiki hakimiyyətinə İslamabadın tələblərini qəbul etdirə bilmir.
"Durum 180 dərəcə dəyişib. İndi savaşa aparan münaqişə vəziyyəti var", - Əfqanıstan və Pakistanda silahlı qrupları izləyən "Xorasan gündəliyi" (Khorasan Diary) saytının xəbər direktoru İhsanulla Tipu Məsudun sözləridir.
Avqustun 14-də - Pakistanın Müstəqillik Günündə ölkənin ordu rəhbəri general Asim Munir Taliban hökumətindən səmimi əməkdaşlıq münasibətləri naminə İslamabadın tələblərinə cavab verməsini xahiş edib. O, Taliban hökumətini TTP ilə bağlarını Pakistanla münasibətlərdən üstün tutmamağa çağırıb.
"Pakistan hər zaman sizə kömək etdiyi kimi, siz də bu bəlaya son qoymaq işində bizə qoşulmalısınız", - general hərbi məktəbin yeni məzunlarının toplantısında belə deyib.
Ancaq Aİ və BMT-nin Əfqanıstandakı keçmiş müşaviri, hazırda Belfastdakı Kvins Universitetinin professoru Maykl Sempl (Michael Semple) AzadlıqRadiosuna deyib ki, Pakistanı ağuşuna alan dərin siyasi və iqtisadi böhranı görən Taliban üçün TTP-nin, az qala, 20 il sürən kampaniyasından əl çəkmək çətin olacaq.
Talibanın Baş Kəşfiyyat İdarəsi TTP-ni dəstəkləyir?
Talibanın hakimiyyətə qayıdışından sonra TTP yeni güclə ortaya çıxıb. 2014-cü ildə Pakistan ordusunun keçirdiyi əməliyyat və ABŞ-nin dron zərbələri nəticəsində sıraları seyrələn və rəhbərliyi zəifləyən TTP Əfqanıstana çəkilmişdi.
TTP yaxın ideoloji və təşkilati baxımdan müttəfiqi Talibanın döyüş taktikasını mənimsəyib. Əsasən, təhlükəsizlik qüvvələrini hədəf alan qrup bəzi sərhəd bölgələrində İslamabadın hakimiyyətinə meydan oxumaq üçün kölgə hökuməti yaradıb.
Sempl deyir ki, indi Talibanın casus xidməti olan Baş Kəşfiyyat İdarəsinin TTP ali lideri Molla Heybətulla Axundzadəyə xeyir-dua verməklə qurumu dəstəklədiyinə dair artan dəlillər var: "[Onların] bir strateji dərinliyə nail olmaq, Pakistanda şəriət əsaslı sistemin qurulmasında bir növ böyük tərəfdaş olmaq arzusu var".
Strateji dərinlik bir zamanlar Pakistanın hərbi doktrinasını xarakterizə edirdi. 1979-89-cu illərdə Pakistan SSRİ-nin Əfqanıstanı işğalına qarşı sərhəd dövlətinə çevrilmişdi. O zaman onun hərbi strateqləri qonşu ölkədə dominantlıq etmək və Pakistanın əsas düşməni Hindistanla müharibə başlayarsa, Əfqanıstandan arxa cəbhə kimi yararlanmaq məqsədinə fokuslandılar.
Məsud deyir ki, TTP-də çox sayda əfqan Taliban döyüşçüsü cəmləşib və Talibanın müttəfiqi olan bəzi mollalar dəfələrlə TTP-nin Pakistandakı kampaniyasını dəstəkləyən fətvalar veriblər.
"İşlər get-gedə pisləşəcək" deyən Məsudun sözlərinə görə, Pakistan hökuməti iddia edir ki, Pakistanda hücumlar gerçəkləşdirən intihar bombaçılarının, azı, 15-i Əfqanıstan vətəndaşıdır.
"Taliban üçün ciddi çatışmazlıqdır"
Ancaq əfqanıstanlı jurnalist və şərhçi Sami Yusafzay deyir ki, düşdükləri miskin durum üzündən İslamabadı günahlandıran əfqanlar arasında antipakistan ovqatının yüksək olması Talibanı İslamabada qarşı sərt ictimai mövqe tutmağa vadar edib: "Əfqanlar tərəfindən Pakistanın proksisi kimi görünmək Taliban üçün ciddi çatışmazlıqdır".
İslamabadın örtülü hərbi dəstəyi 1996-cı ildə Talibanın Əfqanıstanın əksər hissəsini ələ keçirməsinə imkan yaradıb. Daha sonra - 1996-cı ilin sentyabrında Taliban Kabildə hakimiyyəti ələ keçirəndən sonra Pakistan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Taliban hökumətini tanıyıb.
"Bu münasibətlər vaxtaşırı çox gərginləşir, ancaq onlar yenə də razılığa gələ bilirlər", - Məsudun sözləridir.
Londonda yerləşən "Chatham House" beyin mərkəzinin Əfqanıstan üzrə eksperti Həmid Hakimi Talibanla Pakistan arasındakı münasibətlərin daha çox qarşılıqlı asılılığa doğru sürüşdüyü qənaətindədir. Onun sözlərinə görə, dünyada nüfuzu artmaqda olan Hindistanın regional hegemon kimi rolunu gücləndirməsi fonunda İslamabad Əfqanıstanla münasibətlərdə qeyri-sabitlik istəmir.
O deyir ki, Talibanın Pakistan islamçı birlikləri ilə münasibətləri onun İslamabadın güvənlik isteblişmenti ilə bağlantılarından daha dərindir.
"Kabillə İslamabad arasında zorakılığın eskalasiyası riski yaranınca, bu əlaqə və şəbəkələr dərhal fəaliyyətə keçir", - o, AzadlıqRadiosuna belə söyləyib.