Prokuror köməkçisinin adı şantaj və dələduzluqla bağlı cinayət işində keçir. Söhbət uzun müddət müxtəlif rayonların (Qaradağ, Hacıqabul) prokuroru olmuş, hazırda isə Abşeronda prokurorun böyük köməkçisi vəzifəsində çalışan Tariyel Qurbanovdan gedir.
Bu cinayət işi elə Qurbanovun şikayəti əsasında başlayıb. O iddia edir ki, hamamda çəkilmiş görüntüləriylə onu şantaj edib xeyli pulunu alıblar. Əvvəl bir neçə dəfə şantaja boyun əyib, tələb olunan pulu versə də, bu məsələnin bitməyəcəyini anlayıb və hüquq-mühafizə orqanlarına şikayət edib.
Yeddi təqsirləndirilənin biri qadındır
Prokurorun şantaj olunmasıyla bağlı məsələyə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu işdə təqsirləndirilən şəxs kimi məhkəmə önünə yeddi nəfər çıxarılıb, onlardan altısı kişi, biri isə qadındır.
Cinayət işinin materiallarında iddia olunur ki, Qurbanov Bakıxanov qəsəbəsində yerləşən "Hamam Plaza"da çəkilən görüntüləriylə şantaj olunub. Təqsirləndirilən şəxslərdən biri – Quba sakini Ümman Əliyev vaxtilə həmin hamamda işləyib, prokuroru da oradan tanıyıb.
Buna da bax: İcra başçısının müavini məktəblini döyməyə görə məhkum edildiƏvvəl aldadıb, sonra hədələyiblər
İddia olunur ki, Qurbanovdan pulu öncə onu aldadıb alıblar. Bir müddət bu üsuldan istifadə edəndən sonra prokurorun artıq pul vermək istəmədiyini görəndə onu fotolarla hədələyiblər. İttihamda yazılıb ki, Ümman Əliyev yıxılıb xəsarət aldığını deyib, müalicə üçün ondan pul istəyib. Qurbanov bir dəfə 300, ikinci dəfə 1500 manat olmaqla, iki dəfə ona pul göndərib. Pullar poçt vasitəsilə göndərilib, yaxud da Əliyevin tanışlarının bank kartlarına köçürülüb. Növbəti dəfə Qurbanov pul verməkdən imtina edib. Bundan sonra onu hamamda çəkilmiş fotolarını yayıb biabır etməklə şantaj ediblər.
Prokuror şantajdan sonra 1000, 800, 1200 manat olmaqla, bir neçə dəfə pul verib. Sonuncu dəfə ondan 20000 manat tələb edəndə artıq şikayət etmək qərarına gəlib.
Yeddi nəfərin əksəriyyəti özünü qismən təqsirli bilir. Ümumiyyətlə, özünü təqsirsiz sayanlar da var.
Şantaj ittihamıyla razılaşmır
Bu işin əsas təşkilatçısı kimi təqdim olunan Ümman Əliyev də özünü qismən təqsirli sayır. O, dələduzluğu etiraf etsə də, şantaj ittihamıyla razılaşmır. Deyir ki, heç prokurordan hədə-qorxu ilə pul tələb olunmasını təsdiqləyən sübut da yoxdur.
Buna da bax: XDMX əməliyyatçısı Lotu Qulinin adından 12 milyonluq şantajla üzləşdiyini deyir2001-ci ildə Qubadan Bakıya işləməyə gəldiyini deyən Əliyevin paytaxtda ilk iş yeri "Hamam Plaza" olub. Orada ofisiant işləyib: "Hamama gələnlərə çay, meyvə verirdim. Tariyel Qurbanovu da 2006-cı ildə oradan tanımışam. Ona bir ilə yaxın orada qulluq etmişəm".
Qardaşının epilepsiya xəstəliyindən əziyyət çəkdiyini vurğulayan Əliyev bildirib ki, onun müalicəsi adıyla Qurbanovdan pul alıb. Amma aldığı pulu müalicəyə xərcləməyib, çünki həmin dövrdə işsiz olub, maddi baxımdan çətinlik çəkib. Bu üzdən prokurorun poçtla ona göndərdiyi pulları da şəxsi ehtiyaclarına xərcləyib.
"O, Tariyel müəllimi tanımayıb"
Müttəhimlər kürsüsündə əyləşənlərdən Pərvin Yusifov vaxtilə cəzaçəkmə müəssisəsində Əliyevlə birlikdə cəza çəkib və o vaxtdan bir-birini tanıyıblar. Qurbanovdan pulu bir neçə dəfə Yusifov gedib alıb. Amma keçmiş və indiki məhbəs yoldaşı Əliyev deyir ki, Pərvinin günahı yoxdur, ona öz pulu olduğunu bildirib: "Pərvin Tariyel müəllimdən pulu hansı məqsədlə aldığımı bilməyib. Ümumiyyətlə, o, Tariyel müəllimi tanımayıb".
Əliyev vurğulayıb ki, heç kimlə əlbir olmayıb, pulları təkbaşına özü istəyib və alıb.
O, istintaqa ifadəsində isə dələduzluqla yanaşı, şantaj ittihamını da qəbul edib. Prokuroru fotolarla hədələyib, ondan pul aldıqlarını bildirib.
Bu ziddiyyətə gəlincə, Əliyev bunu istintaq zamanı təzyiqə məruz qalmasıyla izah edib. Deyib ki, müstəntiq təzyiq yoluyla ona həmin ifadəni yazdırıb.
Buna da bax: YAP funksionerinin intim görüntülərinə görə sayt rəhbəri cəzalandırıldı"Karta iki dəfə pul göndərildi"
Təqsirləndirilən Yusifov zərərçəkmiş prokurorla bir neçə dəfə görüşdüyünü, hətta anasının bank kartına da pul köçürüldüyünü məhkəmədə təsdiqləyib. Lakin o, özünü təqsirli bilməyib: "Ümman soruşdu ki, kartın varsa, ora pul atsınlar. Mən də anamın kartı olduğunu dedim. Anamın kartının şəkilini çəkib Ümmana göndərdim. O da kiməsə yollamışdı. Karta iki dəfə pul göndərildi. Mən də çıxarıb Ümmana verdim. Buna görə Ümman mənə xərcləməyə pul vermişdi. Ümman xahiş eləmişdi, iki dəfə görüşüb Tariyel Qurbanovdan pul götürmüşəm, gətirib özünə vermişəm. Mənim onların münasibətindən xəbərim olmayıb".
O, ifadəsinin sonunda vurğulayıb ki, zərərçəkmiş prokurorla barışıq əldə edib, Qurbanov ondan şikayətçi deyil.
10 ilə qədər həbs nəzərdə tutulub
Bu iş üzrə məhkəmə araşdırmaları davam edir. Zərərçəkmiş Qurbanov məhkəmə prosesinə gəlmir.
Təqsirləndirilən şəxslərə CM-in 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələbetmə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub. O, həmçinin Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb.
O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.