ANS-lə Teleradio Şurası arasında 160 minlik qalmaqal

Vahid Mustafayev, ANS-in rəhbəri

►Teleradio Şurası ANS-i məhkəməyə verib...

ANS Müstəqil Yayım və Media Şirkəti ilə Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında məhkəmə çəkişmələri və pul qalmaqalları davam edir.

Xeyli vaxtdır ki, Teleradio Şurası ANS-dən serial çəkilişi üçün ayrılmış 160 min manatı geri tələb edir.

ANS rəhbərliyi nəinki bu pulu qaytarmaq istəmir, hətta həmin serialın çəkilişinə görə Teleradio Şurasının ödəməli olduğu qalan vəsaiti də tələb edir.

“ABŞERON” ADIYLA “SEVGİ NAMİNƏ”

ANS çəkdiyi "Abşeron" adlı televiziya serialını ötən il noyabrın 5-də Teleradio Şurasına təqdim edib. Teleradio Şurası isə bildirir ki, ANS-in təqdim etdiyi tamamilə başqa serialdır.

Ona görə də Teleradio Şurası ANS-i məhkəməyə verərək, serial üçün ayrılmış 160 min manatla yanaşı, 8 min manatlıq cərimənin də dövlət büdcəsinə ödənilməsini tələb edir.

"ANS-ə 160 min manat vəsait "Abşeron" adlı serialının çəkilməsi üçün ayrılıb. Lakin ANS saxtakarlıq edərək Teleradio Şurasına "Sevgi naminə" adlı serial təqdim edib", - ötən ilin sonunda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilən iclasda Teleradio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov bildirib.

Məhkəmədə ANS-in nümayəndəsi Teleradio Şurasına qarşı qarşılıqlı iddia qaldırıb. Lakin hakim Vüsalə Baxışova qarşılıqlı iddianın icraata qəbul edilməməsi haqda qərardad çıxarıb. ANS həmin qərardaddan apellyasiya şikayəti verdiyinə görə, Teleradio Şurasının 168 min manatlıq iddia tələbi üzrə məhkəmə prosesi təxirə salınıb.

Nuşirəvan Məhərrəmli

Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsində ANS-in sözügedən şikayəti üzrə məhkəmə iclası keçirilib. Prosesdə cavabdeh tərəf kimi Teleradio Şurasından heç kim iştirak etməyib.

Buna da bax: AZAL-ın sərnişinləri ona zərər vururmuş...

“HÜQUQŞÜNAS KALKULYATOR DEYİL”

ANS-in nümayəndəsi Muxtar Mustafayevin çıxışından belə məlum olub ki, iddianın icraata qəbul edilməməsinə səbəb kimi, həmin iddia ərizəsinin məhkəmədən əvvəl cavabdeh tərəfə - Teleradio Şurasına göndərilməməsi göstərilib. Lakin ANS-in nümayəndəsi bununla razılaşmır.

"Bu norma tamamilə səhvdir, bizim Mülki Prosessual Məcəllədə dəyişiklik etmək lazımdır. Milli Məclisdə oturanlar hansısa hüquqi normanı qəbul eləyəndə bir fikirləşməlidilər ki, biz nə edirik. Belə çıxır ki, vətəndaş ona ziyan vurmuş birisinin bank hesabına həbs qoyulması üçün məhkəmədən əvvəl qarşı tərəfə iddia ərizəsini göndərməli, bu barədə qəbzi iddia ərizəsilə birlikdə məhkəməyə təqdim etməlidir. Bu nə anormal yanaşmadır? Məhkəmə başlayana qədər qarşı tərəf gedib bank hesabını boşaldar, bununla da iş bitər. Hüquqşünas kalkulyator deyil, məntiqlə düşünüb qərar verməlidir", - deyə Muxtar Mustafayev bildirib.

Sərvət Hüseynovun sədrlik etdiyi hakimlər heyəti ANS-in apellyasiya şikayətint təmin etməyib və qərardad dəyişdirilmədən saxlanılıb.

Muxtar Mustafayev bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət olunacaq.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalından izləyin