Bu il fiziologiya, yaxud tibb üzrə Nobel mükafatı ABŞ alimləri Devid Culius və Ardem Pataputiana “temperatur və təmas reseptorlarının kəşfinə görə” verilib.
İsveçdə yerləşən Karolinska İnstitutu oktyabrın 9-da bildirib ki, bu “inqilabi kəşflər” isti, soyuq və mexaniki qüvvənin ətraf dünyanı qavrayıb adaptasiya olunmağımıza imkan verən əsəb impulslarının necə oyandığını” anladır.
“Gündəlik həyatımızda bu hissləri olduğu kimi qəbul edirik, amma temperatur və təzyiqin duyulmasından ötrü əsəb impulsları necə oyanır? Bu məsələni builki Nobel mükafatı laureatları həll edib”, – açıqlamada deyilir.
Buna da bax: Bu həftə Nobel mükafatlarının qalibləri bilinəcəkİndiyədək isti, soyuq və təmasın insanın əsəb sistemində necə siqnal yaratdığı neyrobiologiyaya bəlli deyildi.
Kaliforniya Universitetinin professoru Culius və Kaliforniyada “Skripps Research” institutunun professoru Pataputian qızıl medal alacaq, 1.1 milyon dolları bölüşdürəcək.
AzadlıqRadiosu-nun erməni xidməti erməni kökənli Pataputyanın Beyrutda anadan olduğunu, ölkədə vətəndaş müharibəsi vaxtı ailəsi ilə birlikdə Birləşmiş Ştatlara köçdüyünü yazır. Hazırda o, “Skripps” institutunda “Pataputianın ekspert laboratoriyası”na başçılıq edir.
Nobel mükafatı isveçli ixtiraçı Alfred Nobelin şərəfinə təsis olunub. O, 1895-ci ildə vəfat edib.
Fizika, kimya, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə mükafatların qalibləri bu həftə ərzində elan olunacaq.