Müsavat Partiyasının və Milli Şuranın inzibati həbsdə olan üzvü Tofiq Yaqubluya Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsində vəkili Bəhruz Bayramovla konfidensial görüşə imkan yaradılmadığı bildirilir.
Bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat verib. Onun sözlərinə görə, yanvarın 3-də T.Yaqublunun vəkil B.Bayramovla görüşü zamanı polis əməkdaşı otaqda onların yanında duraraq konfidensial görüşlərinə mane olub: "Tofiq Yaqublunun haqsız, günahsız yerə həbs etməkləri azmış kimi, hələ təcridxanada da ona rahatlıq verilmir. Bu kobud qanun pozuntusudur və bununla bağlı məhkəməyə müraciət ediləcək".
Bu deyilənlər ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
T.Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.
T.Yaqublu buna qədər müxtəlif ittihamlarla (iğtişaş yaratmaq, xuliqanlıq və s.) bir çox dəfə həbsdə olub. O, ittihamları qurama sayıb.
B.Hacıyev də ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs edilib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma ittihamı qəbul etmir.