Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.
Bu barədə vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, şikayətə aprelin 15-də Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Müdafiə tərəfi hesab edir ki, həbs-qətimkan tədbirinin nəinki uzadılmasının, ümumiyyətlə, T.Yaqublunun həbsdə qalmasının əsası yoxdur. "Çünki adam cinayətkar deyil. Tofiq Yaqublu həmişə saxtakarlığa, dələduzluğa qarşı ölkə səviyyəsində mübarizə aparıb. Ona görə də ona belə ittihamların verilməsi absurddur. Buna baxmayaraq, məhkəmə şikayətimizi təmin etmədi", - vəkili vurğulayıb.
Müdafiə tərəfinin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Tofiq Yaqublunun həbs-qətimkan tədbirinin müddəti aprelin 6-da iki ay uzadılıb. Nərimanov rayon Məhkəməsində istintaq orqanın bununla bağlı vəsatətinə baxılıb və vəsatət təmin olunub.
T.Yaqublu ötən il dekabrın 14-də saxlanaraq haqqında (ilkin olaraq 4 aylıq) həbs-qətimkan tədbiri seçilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2), rəsmi sənədləri saxtalaşdırmada (320.1) və bilərəkdən saxta sənədlərdən istifadədə (320.2) şübhəli sayılır.
T.Yaqublu bundan öncə də bir neçə dəfə həbsdə olub. O, iğtişaş salmaq, başqasına xəsarət yetirmək və başqa qanunsuz əməllərdə ittiham edilib. Amma bütün ittihamları qurama sayıb.
Bir sıra yerli hüquq-müdafiə təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.