Prezident AB nümayəndəsini qəbul edib

Görüş

Prezidenti İlham Əliyev iyulun 15-də Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, Azərbaycanın üzləşdiyi mina problemi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin qeyd olunur ki, İ.Əliyev Brüsseldə əldə edilmiş razılaşmaların icrasının və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğulayıb.

AB nümayəndəsi bir gün öncə Ermənistanda idi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Avropa Birliyi Qarabağ üçün nələr edə bilər?

+++

Ötən ilin dekabrından bəri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin üç görüşü keçirilib. Sonuncu görüş mayın 22-də olub. Ardınca mayın 23-də hər iki lider dövlət sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Bundan əvvəl iki ölkə arasında aparılan danışıqlarda, əsasən, Rusiya, ikinci Qarabağ müharibəsindən öncə isə ATƏT-in Minsk qrupu vasitəçilik edib. (ABŞ, Rusiya və Fransa qurumda həmsədrlərdir)

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr ( 9 noyabr) razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.