Bugün, avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə iki ölkə arasında bir sıra sənədlər də imzalanıb.
Onlardan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı hər iki ölkənin prezidentləri imzalayıb.
Dövlət başçıları habelə, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”yə də qol çəkiblər.
Qalan sənədlər isə xarici siyasət, sənaye, ticarət-iqtisadi,nəqliyyat, mədəniyyət və başqa sahələrdə əməkdaşlıqdan bəhs edib.
***
Avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, görüşdən öncə qeyd edilib ki, bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq. "Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq", - Qazaxıstan prezidenti vurğulayıb.
Qazaxıstan prezidenti Azərbaycana gəlib
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana rəsmi səfər edib.
Onun Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulur. Bu səfər çərçivəsində ikitərəfli və regional məsələlərin müzakirəsi gözlənir.