Çindən konteynerlər Qazaxıstandan keçərək Azərbaycana çatıb

Çindən gələn konteynerlər

Azərbaycan və Qazaxıstan liderləri martın 11-də Çindən Abşeron yarımadasına Qazaxıstan ərazisindən yeni qatar marşrutu ilə konteynerlərin gəlişini izləyiblər.

Yüklə dolu 61 konteyner Çinin Sian vilayətindən 11 gün ərzində 7 min km yol qət edib. Konteynerlər Xəzərin Qazaxıstan sahilində gəmiyə yüklənərək Azərbaycana çatdırılıb.

Hər ay 10 belə konteyner qatarının Qazaxıstan vasitəsilə Çindən Azərbaycana göndəriləcəyi bildirilir.

Tokayevin Azərbaycana səfəri zamanı SOCAR ilə Qazaxıstanın "KazMunaiGas" enerji nəhəngi Qazaxıstan neftinin Azərbaycan ərazisindən Qərb bazarlarına nəqlinin artırılması üzrə saziş imzalayıblar.

"Tengiz" neft yatağından hasilatın genişlənməsi ilə bir neçə ilə Qazaxıstandan neft istehsalının artırılacağı gözlənilir.

Bu iki ölkə Türk Dövlətləri Təşkilatının (TDT) da üzvləridir. Qırğızıstan, Türkiyə və Özbəkistan da bu qurumdadır, Macarıstan, Türkmənistan və Şimali Kipr isə müşahidəçi statusuna malikdir.

+++

Martın 11-də Bakıda Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. İclasda Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də iştirak edib.

Daha sonra iki ölkə arasında bir neçə sənədin imzalanması mərasimi olub.

İmzalanan sənədlər arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında saziş də yer alıb.