Yaxınları ToplumTV-nin təsisçisi Ələsgər Məmmədlinin həbsdə hüquqlarının pozulduğunu deyirlər. Onların bildirməsinə görə, Ə.Məmmədli istintaq təcridxanasında dərman qəbul etsə də, qan təzyiqini sabitləşdirmək mümkün olmur.
Bu barədə qardaşı Nəsimi Məmmədli bildirib.
"Ələsgər Məmmədlinin qapalı məkanda saxlanılması ona bir sıra ciddi problemlər yaradıb. Qalxanabənzər vəz şişi hələ də nəfəs almağı çətinləşdirir", - o deyib.
Yaxınlarının sözlərinə görə, onun şəxsiyyət vəsiqəsini istintaq orqanı götürüb. Onların vurğulamasına görə, Ə.Məmmədli vergi hesabatından ötrü yeni "Asan İmza" almaq üçün də yaxınlarına etibarnamə verməlidir.
"Lakin cəzaçəkmə yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqları haqqında qanunu pozaraq onun yanına notariusu buraxmırlar", - N.Məmmədli əlavə edib.
Onun deməsinə görə, etibarnamə həm də Ə.Məmmədlinin iki övladının ali təhsil xərclərini ödəmək üçün avtomobilini satmasından ötrü lazımdır və ailə maddi çətinlik çəkir.
Yaxınları Ə.Məmmədlinin hələ həbsindən öncə səhhətində problemlərin olduğunu açıqlayıblar.
Hələlik, qardaşının bu açıqlamasına Penitensiar Xidmət və istintaqı aparan Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. O, ittihamı qurama sayır.
Ötən ilin noyabrından Azərbaycanda aralarında ToplumTV, habelə "AbzasMedia" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.