“Toplum” TV-nin baş redaktoru Xədicə İsmayıl martın 14-də saat 15:00 radələri üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb .
O axşam saatlarında idarədən çıxarkən bildirib ki, Azərbaycan Konstitusiyasının 66-cı maddəsi və Cinayət Prosessual Məcəlləsindən yararlanaarq ifadə verməkdən imtina edib:
"Mən sualların qərəzli olduğunu anlayanda bu imkandan istifadə etdim".
X.İsmayıl növbəti dəfə polisə çağırılıb-çağırılmayacağı barədə ona heç nə deyilmədiyini qeyd edib.
Onun bu açıqlamasına, hələlik, Bakı Şəhər Baş Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.
Martın 6-da "Toplum" internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Həmin gün medianın üç əməkdaşı saxlanıb, daha sonra onlardan ikisi – Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə verilərək buraxılıb.
Videoredaktor Müşfiq Cabbar barəsində isə məhkəmə qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Martın 8-də də ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli həbs olunub. Onlar qaçaqmalçılıqda ittiham edilirlər və ittihamı qurama, peşə fəaliyyətləri ilə izah edirlər.
Son aylar Azərbaycanda 10-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər. Onlar da ittihamı qurama və siyasi sayırlar.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslərin olması bağlı deyilənləri qəbul etmirlər.