‘Toplum TV işi’ üzrə həbs edilənlərin şikayəti təmin edilməyib

Bugün, oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi" üzrə həbs edilən bir çox şəxslərin şikayətlərinə baxılıb.

Bu barədə onların vəkilləri məlumat veriblər.

Həmin şəxslər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal və "Toplum" İnternet Televiziyasının redaktoru Müşfiq Cabbarlıdırlar. Onların həbs müddətinin 3 ay uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsi oktyabrın 3-də qərar vermişdi.

Vəkillərin bildirməsinə görə, istintaq orqanın nümayəndəsi məhkəmədən şikayətin təmin edilməməsini xahiş edib. Müdafiə tərəfi isə istintaq hərəkətlərinin aparılmadığını və həbs qətimkan tədbirin uzadılması üçün heç bir əsas olmadığını bildirərək şikayətinin təmin edilməsini istəyib.

Məhkəmə apellyasiya şikayətini təmin etməyib.

İş üzrə həbs olunmuş Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalın məhkəmədə Penitensiar Xidmətin əməkdaşlarının təzyiqinə məruz qaldığı deyilir.

Müdafiə tərəfinin verdiyi məlumata görə, 12:30-da başlayacaq prosesə Əli Zeynal 11:10-dan gətirilib və bütün bu müddət ərzində əlləri qandallı şəkildə, ayaq üstdə saxlanıb.

Müdafiə tərəfinin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

A.Qurbanov, R.Babayev, İ.Əmrahov, Ə.Zeynal və M.Cabbar bu il martın 6-da, R.İzzətli isə martın 8-də həbs olunublar.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

İyulun əvvəlində də onların həbs müddəti 3 ay uzadılmışdı.

Buna da bax: Anası Sevinc Vaqifqızına yaxınları ilə görüşünə icazə verilmədiyini deyir

Xatırlatma

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.