Yeni rəy sorğuları ABŞ-nin vitse-prezidenti, 5 noyabr prezident seçkisində demokratların potensial namizədi Kamala Harrisin respublikaçı rəqibi Donald Trampla (Donald Trump) aralarındakı fərqi azaltdığını göstərir.
"Reuters" yazır ki, 81 yaşlı prezident Co Bayden (Joe Biden) seçki yarışından çəkiləndən Harris onun varisi kimi dərhal kampaniyaya başlayıb və bununla da durğun seçki marafonu silkələnib
İyulun 25-də Hyustonda Amerika Müəllimlər Federasiyası qarşısındakı çıxışında 59 yaşlı Harris iqtisadi siyasət, işçi hüquqlarından, əlçatan səhiyyə və uşaq təminatı planlarından danışıb. O, respublikaçıları məktəblərdə silahlı insidentlər fonunda silahlara məhdudiyyətləri önlədiyinə görə tənqid edib.
Bayden iyulun 21-də seçki yarışından çəkildiyini açıqlayıb. "Reuters/Ipsos" sorğusu daxil olmaqla o vaxtdan bəri keçirilən sorğuların bəziləri Harrisin, digərləri Trampın mövqeyinin yaxınlaşdığını, təxminən bərabərləşdiyini göstərir. Bu isə üç ay yarımlıq seçki marafonunda sərt mübarizənin aparılacağını göstərir.
İyulun 25-də dərc olunmuş "The New York Times/Siena College" sorğusuna görə, qeydiyyata alınmış seçicilər arasında Tramp 48, Harris 46 faiz səs yığıb. İyulun əvvəlində Tramp-Bayden nisbəti 49-41 faiz idi. Bayden iyunun sonunda Trampla debatda uğursuz performans göstərmişdi. Ondan sonra demokratlardan onun seçkidən çəkilməsi çağırışları güclənib.
Tərəddüdlü ştatlar
Bu sorğular amerikalıların siyasi namizədlərə dəstəyinin vacib göstəricisi sayılır. Ancaq bir sıra ştatlarda rəqabət güclü olur, seçkidə kimin qalib gəldiyinə qərar verən ABŞ Seçkiçilər Kollegiyasında balansı dəyişə bilir.
"Emerson College/The Hill"in dərc etdiyi sorğu isə Harrisin beş kritik ştatda belə Trampla arasındakı fərqi azaltdığını üzə çıxarıb. Söhbət Arizona, Corciya, Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarından gedir.
Ümumilikdə isə rəy sorğuları 78 yaşlı Trampın cüzi fərqlə Harrisdən önə çıxdığını ortaya qoyub.
Sentyabrın 10-na Trampla Bayden arasında növbəti debat planlaşdırılırdı. Harris həmin gün Trampla debata çıxmağa hazır olduğunu deyib. Amma Trampın seçki qərargahı iyulun 25-də bildirib ki, demokratlar namizədlərinin adını rəsmən elan etməyincə debatın detalları yekunlaşdırıla bilməz.
Demokratların qurultayı avqustda keçirilməlidir.