Korrupsiya Əleyhinə beynəlxalq Transparency International təşkilatı Avropa Şurası rəhbərliyini bu təşkilatda korrupsiya faktlarını araşdırmağa çağırıb.
Bu haqda təşkilatın Avropa Şurasına ünvanlanan müraciətində deyilir.
Təşkilat “insan hüquqları üzrə Avropanın ən mühüm müəssisəsində” korrupsiyaya qarşı səmərəli mübarizə mexanizminin olmadığını qeyd edir.
Buna da bax: Əcaib siyasət: Avropa Şurası, futbol və kürü diplomatiyası
“Transparency International” Avropa Şurasının baş katibi Turbyorn Yaqlandı Avropa Sabitlik Təşəbbüsünün (ESI) Azərbaycan tərəfindən AŞPA üzvlərinin öz tərəflərinə çəkilməsi haqqında ittihamlarına cavab verməyə çağırıb.
“Uzun illər ərzində Azərbaycan əsas parlamentarlara guya böyük məbləğdə pul verməklə və digər hərəkətlərlə insan hüquqları məsələləri üzrə səsverməyə hədsiz təsir göstərib”, deyə müraciətdə bildirilir.
Müraciəti Transparency Innternational-ın Çexiya, Fransa, İtaliya, Latviya, İspaniya və Böyük Britaniya nümayəndəliklərinin başçıları imzalayıblar.
Buna da bax: Rüşvətdə adı hallanan deputatlar AŞPA-ya getmədi
Müraciətdə Avropa Şurasında korrupsiyanı pisləyən ictimai bəyanat yayılması, Avropa Şurasının etika məsələləri üzrə xüsusi ofisinin AŞPA üzvlərinin etika normalarına riayət etməsini təmin etməsi tələb olunur.
Sənəddə 2013-cü ilin yanvarında AŞPA-da siyasi məhbuslar məsələsi üzrə səsvermə hallarının və Azərbaycan nümayəndə heyəti üzvlərinin davranışlarının müstəqil araşdırılmasının təşkil edilməsi xüsusi vurğulanıb.
Bir neçə ay əvvəl AŞPA üzvü olan iki azərbaycanlı deputatın bu qurumun İtaliyadan olan keçmiş vitse-prezidenti Luka Volonteyə 2,39 milyon avro rüşvət verməsi, bu olayın Milan prokurorluğunda araşdırılması barədə xəbərlər yayılmışdı. İtaliya mediası yazırdı ki, azərbaycanlı deputatlar guya, rüşvəti AŞPA-da siyasi məhbus məsələsi müzakirələri zamanı dəstək almaq üçün ödəyiblər.
Buna da bax: QHT-lərdən AŞPA prezidentinə məktub
Ardınca - ötən ilin dekabr ayında “Avropa Sabitlik Təşəbbüsü “Avropa Bataqlığı - Prokurorlar, Korrupsiya və Avropa Şurası Parlament Assambleyası” adlı hesabat yaymışdı. Həmin hesabatda qeyd olunurdu ki, İtaliyanın RAİ telekanalının apardığı araşdırma korrupsiya fırıldağının utanc verici təfərrüatlarını üzə çıxarıb.
Azərbaycandan olan deputatlar isə bu xəbərləri şərh edərkən demişdilər ki, prokurorluğun araşdırması bitməmiş kimisə günahlandırmaq düz deyil.
Buna da bax: Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması istənilir
İtaliya mediasının xəbərlərində və hesabatda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin iki üzvünün - Elxan Süleymanov və Müslim Məmmədovun adı çəkilirdi. Elxan Süleymanovla Müslim Məmmədov AŞPA-nın yanvarın 23-də başlayan sessiyasına getməyib. Parlament bunun səbəbini şərh etməyib.