Azərbaycan-Türkiyə hərbi təlimi keçirilir

Təlim

Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) dekabrın 5-də məlumat yayıb.

Məlumata görə, müxtəlif qoşun növlərinin şəxsi heyəti, xüsusi təyinatlı mühəndis-istehkam texnikası, hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Təlimin neçə gün davam edəcəyi açıqlanmayıb.

Bu təlimin Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirildiyi bildirilir.

Buna da bax: Prezident: 'İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki…'

Yenə İranla sərhədə yaxın təlim

Bundan bir müddət öncə də Azərbaycanın xüsusi təyinatlıları ölkənin cənubunda, İranla sərhədə yaxın təlim keçmişdilər.

Prezident İ.Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bu məsələyə toxunmuşdu.

"Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm…Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi", - o vurğulamışdı.

Prezident əlavə etmişdi ki, istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab veriləcək: "Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək".

Buna da bax: Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq

Oktyabrın 17-də İran Silahlı Qüvvələri Azərbaycanla sərhəddə Araz sahilində hərbi təlimə başlamışdılar. Azərbaycan parlamentində bəzi deputatlar bunu ölkələrinə təhdid kimi dəyərləndirmişdilər. Amma sonradan İranın Azərbaycandakı səfirliyi təlimlə bağlı rəsmi Bakının əvvəlcədən məlumatlandırıldığını bildirmişdi.

Azərbaycanin sonuncu Türkiyə ilə birgə təliminə isə, hələlik, İranın rəsmi qurumlarının münasibəti bəlli deyil.