Türkiyə BRICS-ə qoşulmaq istəyir, bu məsələ birlik nazirlərinin Nijni-Novqorodda keçiriləcək görüşündə müzakirə olunacaq. Belə bir bəyanatla Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib.
"Əlbəttə, biz BRICS-in üzvü olmaq istərdik. Görək, bu il nəyə nail ola bilərik", - "South China Morning Post" qəzeti nazirdən sitat gətirir.
Fidan gələn həftə Rusiyada keçirilməsi planlaşdırılan BRICS toplantısına qatılacağını bildirib.
Qəzet yazır ki, bu görüşdə gündəmdəki mövzulardan birinin NATO üzvü Türkiyənin BRICS-ə qoşulma imkanı olacağı gözlənilir.
2006-cı ildə qurulan BRICS hazırda özündə 10 dövləti birləşdirir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Efiopiya.