Türkiyədə rəsmi inflyasiya son 20 ildə ən yüksək həddə çatıb. Bu, qlobal enerji qiymətlərinin bahalanması və ölkənin iqtisadi çətinlikləri fonunda baş verib.
Martda istehlakçı qiymət indeksi bir il öncəylə müqayisədə 61 faiz yüksəlib. Xəbəri Türkiyənin statistika institutu yayıb.
Fevralda bu göstərici 54 faiz idi. 61 faiz 2002-ci ilin martından bəri ən yüksək səviyyədir.
Türkiyədə inflyasiya səbətinin dörddə birini tutan ərzaq qiymətləri bir il öncəylə müqayisədə 70 faiz bahalanıb, enerji xərclərinin isə 103 faiz qalxdığı deyilir.
Buna da bax: Lirə məzənnəsini saxlaya biləcəkmi – Qərb mediasıRusiyanın fevralın 24-də Ukraynanı işğala başlaması enerjini bahalandırıb. Ancaq Türkiyə hələ onadək yüksək inflyasiya ilə üzləşmişdi.
Prezident Rəcəb Tayyib Ərdoğan yüksək faiz dərəcələrinə qarşıdır. Ötən il mərkəzi bankın uçot dərəcələrini bir neçə dəfə azaltması lirənin dollara qarşı ciddi dəyər itirməsi ilə sonuclandı. Bundan sonra görülən fövqəladə tədbirlər, bazara bir neçə milyard dolların buraxılması da daxil olmaqla, valyuta bazarlarını nisbətən sabitləşdirib.