Türkmənistanda qadınların avtomobil idarə etməsinin bir qədər də çətinləşdiyi bildirilir. Yeni sürücülük vəsiqəsi alarkən qadınlara tələblərin siyahısı artır.
"Avtomobil öz adına qeydiyyata alınmayıbsa, müddəti bitdikdən sonra vəsiqəsini yeniləmək istəyən xanımlardan polis şöbəsi sənədləri qəbul etmir", - AzadlıqRadiosunun müxbiri yazır.
Türkmənistanda bir çox hallarda qadınların idarə etdiyi avtomobillər onların adına rəsmiləşdirilmir, qardaşlarının və ya ərlərinin adına qeydiyyatdan keçmiş nəqliyyat vasitələrini etibarnamə ilə sürürlər: "İndi onlar sürücülük vəsiqəsi almaq üçün maşınları öz adına keçirməli və ya yeni maşın almalıdırlar, əks halda, onlara yeni sənəd verilməyəcək".
Qadınların sürücülük vəsiqəsi alması üçün yaş həddi də dəyişməz qalır: "Qızlara 35-40 yaşına qədər sürücülük vəsiqəsi verilmir. Onların niyə avtomobil idarə etmək hüququndan məhrum edildiyi açıqlanmır".
AzadlıqRadiosuna danışan Marı sakinlərinin sözlərinə görə, sürücülük vəsiqəsi almaq hər kəs üçün çətindir, problemi həll etməyin ən asan yolu rüşvətdir.
"Ölkədə rüşvətsiz heç nə etmək mümkün deyil. Sonda vəsiqə almaq üçün rüşvət verməyə razılaşırsan. Bundan əlavə, vəsiqəni yeniləmək üçün tibbi arayış, psixi dispanserdən arayış lazımdır. Onlar yerli tibb müəssisələrindən alınır. Sürücülük vəsiqəsinin təzələnməsi ən azı 200-400 manata (57-115 dollar) başa gəlir", - yerli sakin deyir.
Mənbə iddia edir ki, qadınlar üçün sürücülük vəsiqəsi almaqda mövcud çətinliklər tələb olunan rüşvətin miqdarına da təsir edir: "Ölkədə qadınlar öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Əslində, kişilər 4 min manat (1140 dollar) rüşvət ödəməklə sürücülük vəsiqəsi ala bilər, qadın isə 6-7 min manat (1700-2000 dollar) verməli olur".
İddialara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Türkmənistanda qadınlar üçün sürücülük ilə bağlı məhdudiyyətlər uzun illərdir qüvvədədir və zaman-zaman sərtləşdirilir.